İlk dərs günü insan həyatında olduqca önəmli yer tutur. Fərdin şəxsiyyət kimi formalaşmasında orta məktəbin böyük rolu var. Odur ki, məktəbə getdiyimiz ilk gün ömrümüzün sonuna qədər yaddaşlardan silinmir.
Teleqraf.com siyasətçilərin ilk dərs günü təəssüratlarını öyərnib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilk dərs gününü belə xatırlayır: "Mən 1954-cü ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşam. 1960-cı ildə Ordubaddakı məktəbin birinci sinifinə getmişəm. Onda ilk dəfə idi ki, kənddən kənara çıxırdım. Onda televizor-zad yox idi. Ordubad mənim üçün nağıllar aləmi idi. İndinin özündə də düşünürəm ki, 1960-cı il sentyabrın ilk günlərində nağıllar aləmində olmuşam. Partaların iyi hələ də burnumdadır. Qəribə hisslər bürümüşdü məni. Başqa uşaqlar ağlayırdılar, amma mənim atam müəllim idi deyə, ağlamırdım. İndi o məktəbdən əsər-əlamət qalmayıb. Təmir edib dəyişdiriblər və indi daha pis görünür".
Politoloq Zərdüşt Əlizadə 1953-cü ildə Bakı Şəhəri, Səbail Rayonu 4 saylı orta məktəbin birinci sinifinə daxil olub: "Bizim məktəb indki Prezident sarayının yerində yerləşirdi. Müəllim ailəsində dünyaya göz açmışdım, ona görə də ilk dərs günü mənə çətin olmadı. Yadımdır, bizi sıraya düzüb sinif otağına apardılar. İlk müəllimim Əfrasiyab Bədəlov olub. O, şagirdlərin çantalarını yoxlayanda maraqlı şeylər ortaya çıxdı. Birincilərin çantalarından bıçaq, qəməlti, "raqatka" çıxdı. Bizim məktəbdə oxuyanlar daha çox Çəmbərəkənd, İçərişəhərdə yaşayanlar idi. Oraların uşaqları xuliqanlığa meylli olurdular. Sonra məktəbimiz dəyişdi. Mən 1964-cü ildə 132 nömrəli orta məktəbdə təhsilimi davam etdirdim".
Müsavat Partiyasının başqanı Arif Hacılı onun üçün ilk dərs gününün 1 sentyabr olduğunu dedi: "Mənim üçün 15 sentyabr Bakının azad olunduğu gündür. İlk dərs gününü yaxşı xatırlayıram. Çox sevincli bir gün idi. Sözlə ifadə etmək çətindir”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də ilk dərs gününü yaxşı xatırlayır: "Mən Nərimanov rayonundakı 45 saylı orta məktəbdə oxumuşam. Sentyabrın 1-i idi. İlk zəng törəni keçirildi və sonra siniflərə aparıldıq. Beləcə məktəb həyatım başladı. İlk dərs günü qeyri-adi olur və ömür boyu insanın yaddaşından silinmir".
Ayxan