22 Sentyabr 2015 14:40
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Həsənov: “Xarici KİV-ləri təmsil edən jurnalistlər qeyri-qanuni addımlara yol verməməlidirlər”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanmasına münasibət bildirib.

Əli Həsənov qeyd edib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir. Onun sözlərinə görə, ölkə qanunvericiliyi söz və məlumat azadlığına, KİV redaksiyalarının və jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir: “Bununla yanaşı, həm yerli, həm də Azərbaycanda xarici KİV-ləri təmsil edən jurnalistlər və nümayəndələr öz fəaliyyətlərini qanunların çərçivəsində qurmalı, ölkə və cəmiyyət qarşısında məsuliyyətlərini dərindən dərk etməli və qeyri-qanuni addımlara yol verməməlidirlər”.

Prezidentin köməkçisi bildirib ki, 2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib. Hətta xarici KİV-lərin, onların Azərbaycandakı nümayəndəliklərinin və əməkdaşlarının elektron qaydada akkreditasiyası məqsədilə Xarici İşlər Nazirliyinin internet saytında müvafiq bölmə də yaradılıb: “Təəssüf ki, ”İnteraz", “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər. Son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır".

Əli Həsənov deyib ki, bundan sonra da işlədiyi sahədən və peşəsindən asılı olmayaraq Azərbaycan qanunlarının tələblərini pozan hər bir şəxs barədə aidiyyəti orqanlar tərəfindən ölçü götürüləcək.

“Xarici KİV təmsilçisi XİN-də akkreditasiyadan keçməlidir”

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli xatırladıb ki, bir müddət öncə transmilli media təşkilatlarının yayımın qrafikində dəyişiklik edilməsi və Azərbaycan efir tezliyindən çıxarılması çox ciddi rezonansa səbəb olmuşdu: “İndi də xarici təşkilatlar tərəfindən hansısa internet TV-nin jurnalistlərinin saxlanması ilə bağlı yeni qalmaqal yaradılmasına cəhd göstərilir. Əslində, Azərbaycan bu məqamda birmənalı şəkildə haqlı mövqe tutur. Çünki ”Televiziya və radio yayımı haqqında" Qanuna əsasən başqa bir ölkədə yerləşən televiziyanın Azərbaycanda yayımı dövlətlərarası razılaşmadan asılıdır. Qanunvericiliyin tələbinə görə, həmin TV-nin təsis olunduğu, hüquqi ünvanı olan ölkə ilə onun yayınlanacağı ölkə, yəni Azərbaycan arasında razılaşma olmalıdır. Bu razılaşma da qarşılıqlı olmalıdır. Əgər belə razılaşma yoxdursa, istənilən elektron medianın ölkə ərazisində yayımına məhdudiyyətlər qoyula bilər. Çünki onun fəaliyyəti qanunsuzdur. Əgər televiziya və ya radio ölkə ərazisində yayımlanmırsa və razılaşma yoxdursa, sadəcə, burada müxbir postu yaratmaq istəyirsə bu, artıq “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” ilə tənzimlənir. Həmin təşkilatın əməkdaşları Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidir".

“”Meydan TV" qanuni prosedurları niyə keçmədiyinə aydınlıq gətirsin"

M.Ələsgərlinin sözlərinə görə, “Meydan TV” ötən ilin dekabrında Bakıdakı fəaliyyətini dayandırdığını rəsmən açıqlayıb, bundan sonra Almaniyada fəaliyyət göstərəcəyini bəyan etmişdi: “İndi üzə çıxır ki, fəaliyyətlərinin rəsmən dayandırıldığını elan etsələr də, bunların əməkdaşları Azərbaycanda çox geniş şəbəkə kimi fəaliyyət göstərirlər. Bu isə qanunsuz fəaliyyətdir. Qanuna əsasən, onlar akkreditasiyadan keçib sonra fəaliyyət göstərməlidir. Digər tərəfdən TV-nin saxlanan əməkdaşları həm də Mingəçevirdə baş verən cinayət əməlində şahid qismində proseslərə cəlb olunublar. Sorğuların detalları barədə məlumat verilmir, amma istənilən şəxsin istintaq əməli ilə bağlı proseslərə cəlb olunub şahid qismində dindirilməsində hər hansı qanunsuz əməl yoxdur. ”Meydan TV"nin əməkdaşları və ya fəaliyyəti məhdudlaşdırılmış digər radio və TV qurumları Azərbaycanda yayımlanmaq, auditoriya toplamaq istəyirlərsə, mütləq qanunvericiliyin tələblərinə əməl etməlidirlər. XİN-in rəsmi saytında akkreditasiya ilə bağlı elektron keçid qoyulub, jurnalistlər sadə üsulla müraciət edib akkreditədən keçə bilərlər. Belə bir müraciət yoxdursa, deməli, onlar fəaliyyətlərini qapalı tutmağa üstünlük verir. Yaxşı olar ki, “Meydan TV” qanuni prosedurları niyə keçmədiyinə aydınlıq gətirsin".

Qanun nə deyir?

Xarici KİV nümayəndələrinin e-akkreditasiyasını Azərbaycan Xarici İşlər Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası 2015-ci il 18 mart tarixli Q/04-15 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”nı təsdiq edib.

Xarici KİV nümayəndələrinin akkreditəsi “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq dövlətlərarası müqavilələr və bu Qaydalar ilə tənzimlənir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin üçüncü hissəsinə əsasən xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasında akkreditəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin nümayəndələrinin akkreditəsinə öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitələrinin nümayəndələrinə münasibətdə cavab olaraq Azərbaycan Respublikası ərazisində eyni məhdudiyyətlər qoyula bilər.

Xarici KİV nümayəndələrinin akkreditəsi üçün hansı sənədlər lazımdır?

Xarici KİV nümayəndələrinin akkreditəsi üçün xarici KİV nümayəndələrinin təmsil etdiyi kütləvi informasiya vasitəsi rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu; xarici KİV nümayəndələrinin ərizə-anketi (Əlavə); iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil; xarici KİV nümayəndələrinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici KİV nümayəndələri Azərbaycan Respublikasının vətəndaşlarıdırsa, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin) surəti; xidməti vəsiqənin surəti; tərcümeyi-hal tələb edilir.

Azərbaycan XİN akkreditədən hansı hallarda imtina edir?

XİN xarici KİV nümayəndələrinin akkreditəsindən bu hallarda imtina edilir: “Saxta və ya yanlış məlumat təqdim edildikdə; xarici KİV nümayəndələri Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər etdikdə; xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə”.

Akkreditə nə zaman ləğv edilə bilər?

Akkreditə olunmuş xarici KİV nümayəndələri tərəfindən akkreditə qaydaları pozulduqda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər edildikdə, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda və ya bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda, XİN tərəfindən xarici KİV nümayəndələrinin akkreditəsi ləğv edilir.

Habelə xarici KİV nümayəndələrinin peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, akkreditə kartının üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditə ləğv edildikdə akkreditə kartı XİN-ə təhvil verilir.

Əcnəbi və ya vətəndaşlığı olmayan xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına gəlməsi, qeydiyyata alınması, yaşamaq üçün icazə alması və getməsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər