13 Oktyabr 2015 11:05
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin gözlənilmədən istefaya getməsindən sonra qurumda yaranan gərginlik davam edir. Partiyanın funksionerləri quruma sədr seçilməsini tələb edir və düşünür ki, sədrsiz seçkilərə getməyin əhəmiyyəti yoxdur.

Kulislərdə dolaşan xəbərlərə görə, AMİP Siyasi Şurasının bəzi üzvləri sədrliyə Etibar Məmmədovun oğlu Ayxan Məmmədovun gətirilməsini istəyir. Onlar hesab edirlər ki, Ayxan Məmmədovun sədrliyə gətirilməsi Etibar Məmmədovun da aktivləşməsinə səbəb ola bilər ki, bu da klassik AMİP-çilərin partiyaya dönməsini stimullaşdırar. Bəzi saytlar isə iddia edir ki, AMİP lideri Etibar Məmmədov və partiyanın bir qrup üzvü bu təyinata qarşıdır.

Qeyd edək ki, Ayxan Etibaroğlu hazırda AMİP-in gənclər təşkilatına rəhbərlik edir.

Etibar Məmmədovun köməkçisi Əli Orucov isə Ayxan Məmmədovun partiya sədrliyinə gətirilməsi haqda təşəbbüslərdən danışıb. Deyib ki, Ayxan Məmmədovun belə bir iddiası yoxdur: "Ayxan Məmmədov AMİP Gənclər Təşkilatının sədridir. Hansı partiyanın gənclər bölümü daha fəal olursa, partiyanın işi də daha səmərəli olur. Ayxan Məmmədov bu işin öhdəsindən gəlir. Ancaq o, hələlik təhsilini də davam etdirir".
Əli Orucov daha sonra söyləyib ki, AMİP-in qurultayı böyük ehtimalla parlament seçkilərindən sonra keçiriləcək. Onun fikrincə, seçki kampaniyasının qızğın mərhələsində qurultay çağırmaq namizədlərə mane ola bilər: "Qurultayın baş tutması üçün Siyasi Şura Mərkəzi Şuranı çağırmalıdır. Mərkəzi Şura da qurultayın keçirilməsi tarixini müəyyən etməlidir. Qurultaya hazırlıq işləri yekunlaşıb. Hesabat-seçki yığıncaqları başa çatıb, qurultay nümayəndələri seçilib. Ancaq qurultayın vaxtının müəyyənləşməsi qalır. Mərkəzi Şuranın 12 aprel tarixli qərarı ilə qurultay seçkidən əvvəl keçirilməli idi. Lakin həm seçkiqabağı işlər vaxtımızı aldı, fəaliyyətimizi o istiqamətə yönəltdi, həm də Yusif Bağırzadənin sədrlikdən qəfil istefa verməsi yeni situasiya yaratdı. Bu da qurultayın vaxtını ertələdi. Nizamnaməyə görə, Mərkəzi Şuranın qərarından 1 həftə sonra qurultay keçirilməlidir. Ancaq seçki kampaniyasının indiki mərhələsində insanların diqqətini qurultaya yönəltmək mütəşəkkilliyi azaldır".

Xatırladaq ki, oktyabrın 10-da AMİP Siyasi Şurasının toplantısı keçirilib. Toplantıda qarşıdan gələn parlament seçkiləri, seçkilərdə partiya namizədlərinin iştirakı və digər məsələlər müzakirəyə çıxarılıb. Ən qəribəsi budur ki, Siyasi Şura sədrin istefasına dair məsələni müzakirəyə çıxarmayıb. Əldə etdiyimiz xəbərə görə, Siyasi Şura AMİP sədri Yusif Bağırzadənin istefa ərizəsini gündəliyə salmayaraq bu məsələni açıq saxlayıb. Sədrin istefasının müzakirəyə çıxarılmaması isə birmənalı qarşılanmır. Bunun bir neçə səbəbi var. Əgər bu məsələ müzakirəyə çıxarılarsa, bu zaman yeni sədrin seçilməsi üçün Siyasi Şura Mərkəzi Şuranı, Mərkəzi Şura isə qurultayı çağırmalıdır. Mərkəzi Şuranın bu ilin aprelində verdiyi qərara əsasən, seçkilər oktyabrın sonuna qədər keçirilməlidir. İndi isə bəlli olur ki, AMİP yaxın günlərdə qurultay keçirmək niyyətindən uzaqdır. İndilikdə qurultaya getməklə sədrliyə iddiası olan şəxslər arasında yeni münaqişəyə, partiyanın parçalanmasına səbəb olmaq istəmir. Bu səbəbdən də qurultayını mart ayına qədər keçirmək xəttini götürür. Bu isə o deməkdir ki, AMİP seçkilərə sədrsiz şəkildə gedəcək.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər