Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 25 oktyabrda mitinq keçirmək üçün müraciətini müsbət cavablandırıb. BŞİH-in cavab məktubunda bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla, 25 oktyabr 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilir.
Mitinqin təşkilatçılarından xahiş olunub ki, Azərbaycan Respublikası “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, mitinqdə Müsavatın 25 deputatlığa namizədlərinin hamısının iştirak edib-etməyəcəyini dəqiq söyləmək çətindir. "Çünki mitinq istirahət günüdür və namizədlər öz dairələrində seçiciləri ilə görüşlər keçirir", deyə İ.Qəmbər qeyd edib.
Qeyd edək ki, mitinqin keçiriləcəyi yer Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin namizədi olduğu dairənin ərazisinə düşür. Bu mənada mitinqi eyni zamanda İ.Qəmbərin seçicilərlə görüşü, təbliğatı kimi də qiymətləndirmək mümkündür.