Azərbaycanda parlament seçkilərini müşahidə edəcək MDB parlamentlərarası missiyasının rəhbəri, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitənin sədri Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirib.
Mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. Seçkilərin hər bir ölkənin həyatında mühüm ictimai-siyasi hadisə olduğunu söyləyən diplomat bildirib ki, seçkilər hər bir ölkənin inkişafını müəyyən edir: "Azərbaycan prezidenti İlham Əliyev də, ölkə ictimaiyyəti də noyabrın 1-də keçiriləcək parlament seçkilərinə böyük önəm verirlər. Artıq müstəqil Azərbaycanda beşinci dəfədir ki, parlament seçkiləri keçirilir. Mərkəzi Seçki Komissiyası böyük təcrübə toplayıb. Leonid Slutski seçkiləri izləyəcək böyük missiyanın rəhbəri olaraq Azərbaycan gedir. Nəzərə alsaq ki, Avropa strukturları ilə müəyyən fikir ayrılıqları mövcuddur, o zaman sizin missiyanın nə qədər vacib və məsuliyyətli olduğu göz qabağındadır”.
L. Slutski dəvətə görə Polad Bülbüloğluna təşəkkürünü bildirib. Onun sözlərinə görə, seçki təcrübəsi göstərir ki, özünü kiminləsə deyil, məhz özünlə, bir neçə il öncə keçirilən seçkilərlə müqayisə etmək lazımdır: “Azərbaycan seçki təcrübəsində çox mühüm addımlar atıb. Bunu Azərbaycanda keçirilən son prezident seçkiləri və ondan qabaq baş tutan parlament seçkilərində müşahidə etmək mümkün idi. Seçkilər Azərbaycanda seçicilər üçün çox rahat olacaq. Əminəm ki, Milli Məclisə keçirilən seçkilər Azərbaycan əhalisinin çoxluğunun birliyini nümayiş etdirəcək. Bu seçkilərdə mənfi nəsə tapmaq çətin olacaq. Biz uzunmüddətli missiyanın gəldiyi qənaətlə artıq tanışıq. Hesab edirəm ki, seçkilərdə seçicilərin iştirakı böyük olacaq. Çünki Azərbaycan ictimaiyyəti prezidentin ətrafında sıx birləşib. Biz bir sıra anti-Azərbaycan qiymətləndirmələri və qətnamələri ilə tanışıq və başa düşürük ki, bunlar onları hazırlayanların özünə qarşı işləyir. Biz əminlikə Milli Məclisə keçirilən seçkiləri obyektiv qiymətləndirəcəyik. Ancaq obyektiv reallıqdan çıxış edəcəyik".
Rusiyalı siyasətçinin fikrincə, Azərbaycanı və seçkiləri diskreditasiya edəcək bütün cəhdlər fiaskoya uğramağa məhkumdur./APA