Təbliğat kampaniyasının sonuna yaxın Müsavat Partiyasının seçkilərdə iştirakdan imtina etməsi onun namizədlərini çətin duruma salıb.
Bu günə qədər təbliğat-təşviqat kampaniyası apararaq, küçəbəküçə, kəndbəkənd gəzərək insanlarla görüşüb proqramlarını açıqlayan namizədlərin bəzisi Müsavatın qərarından təəccübləniblər. "Əgər belə bir niyyətiniz var idisə, niyə öncədən bizə demirdiz" sualı ilə partiya başqanı Arif Hacılıya suallar ünvanlayan namizədlər qaneedici cavab ala bilməyiblər. Namizədlər qeyd ediblər ki, seçki kampaniyasına kifayət qədər vəsait, vaxt sərf edib, enerji xərcləyiblər və seçicilərə müxtəlif vədlər, söz veriblər. Vətəndaşlar da onlara inanıb seçkilərdə iştirak edəcəklər. Belə olan halda seçkiyə bir neçə gün qalmış prosesdən kənarlaşmaq seçiciyə qarşı hörmətsizlik, rəqiblər qarşısında geri çəkilmək kimi başa düşülə bilər.
Əldə etdiyimiz məlumata görə, Müsavat Partiyasının namizədlərindən İikram İsrafil partiyanın qərarına tabe olmayaraq seçkidə iştirak etmək niyyətindədir. O, Teleqraf.com-a açıqlamasında seçicilərlə görüşlərini davam etdirdiyini bildirib.
Müsavat Partiyasının dəstəklədiyi digər şəxs, 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov da tərəddüd içərisindədir.
İ.Həmidov Musavat.com-a açıqlamasında bildirib ki, Gəncə zonasında seçicilərlə görüşdə olarkən Müsavatın məlum qərarı verdiyini eşidib və bu gün səhər tezdən Bakıya gəlib: “Müsavatın qərarına böyük hörmətlə yanaşıram. Gəlmişəm ki, Müsavat başqanı ilə görüşüb yaranmış vəziyyəti müzakirə edək. Bu gün saat 3-də qərargaha gedəcəyəm Arif Hacılı və İsa Qəmbərlə söhbət edəcəyəm. Söhbətimizin nəticəsini sizə bildirərəm. Amma onu da deyim ki, təşviqat kampaniyası başlayandan mən 30 rayonda, 50-dən yuxarı kənddə olmuşam, ölkənin dörd bir yanına səpələnmiş kəlbəcərli seçicilərimlə görüşlər keçirmişəm, seçicilər mənə böyük dəstək veriblər, onların qarşısında çıxışlarımda, mətbuata da müsahibələrimdə bəyan etmişəm ki, seçicilərin ümidlərini heç etməyəcəm və seçkidə sona qədər iştirak edəcəyəm. Şayiələr yayırdılar ki, guya mən seçkidən kiminsə xeyrinə, pul alıb geri çəkiləcəm, seçkidən sonra kimisə təbrik edəcəm. Mən də bəyan etmişəm ki, bunlar hamısı şayiədir və mən sonadək seçkidə iştirak edəcəyəm. Bütün bunların hamısını nəzərə alıb Müsavat rəhbərliyi ilə müzakirə aparıb bir qərara gəlməliyik”.
Partiyanın Divan üzvü və Təşkilat Komitəsinin rəhbəri Razim Əmiraslanlı da namizədliyini geri çəkməkdən imtina edənlər arasındadır.
R.Əmiraslanlı partiyanın Divan iclasının seçki ilə bağlı qərarına hörmətlə yanaşdığını bildirib: “Mən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İstər seçkidən əvvəl, istərsə də indiki halda mübarizənin davam etdirilməsinin tərafdarı olmuşam. Buna baxmayaraq, Divanın qərarına hörmətlə yanaşıram. Mən namizədliyimi irəli sürərkən Cəbrayılın tanınan, görkəmli ictimai xadimləri, müharibə veteranları, Qarabağ qaziləri, gənc fəallar və digər yaxınlarımla məsləhətləşdikdən sonra bu qərarı verdim. Əgər namizədliyimi geri çəkərəmsə, ərizə ilə Dairə Seçki Komissiyasına müraciət etsəm? o zaman öncə həmin şəxslərlə məsləhətləşməliyəm. Onların qərarı mənim atacağım addımlara stimul verəcək”. (aznews.az)