5 Noyabr 2015 12:15
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parlament seçkiləri Yeni Azərbaycan Partiyasının qələbəsi ilə nəticələndi. Hakim partiya köhnə nailiyyətini yenilədi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, seçkinin nəticələri cəmiyyət arasında YAP-ın nüfuzunun göstəricisi, xalqın partiya sədrinə etimadıdır: “YAP həmişəki kimi seçkilərə öncədən hazırlaşmışdı. Budəfəki seçkilərdə rəqabət digər seçkilərə nisbətən daha çox idi. Burada sırf partiyalararası deyil, fərdi qaydada namizədlər irəli sürüldüyünə görə bitərəf və digər partiyalardan olan namizədlərin hər biri hakim partiya namizədlərinə alternativ idi. YAP keçən seçkilərdə parlamentdə 71 yer qazanmışdı. Proqnozlaşdırmışdıq ki, keçmiş nailiyyətləri əldə saxlayaq və daha çox yer əldə edək. MSK hələ namizədləri təsdiq etməyib. Ona görə də rəsmi qaydada fikir söyləyə bilmərik. Təsdiqdən sonra bu məsələyə toxunacağıq. Amma bütövlükdə seçkilər YAP-ın qələbəsi ilə başa çatdı, biz köhnə nailiyyətlərimizi yenilədik”.

“Müsavat rəhbərliyi partiyanı biabırçılıqdan xilas etməyə çalışırdı, alınmadı”

O, seçkidən 3 gün öncə Müsavat Partiyasının imtina qərarına da toxunub. S.Novruzov qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə görə, kimsə seçkidə iştirak etmək istəmirsə, seçkiyə 10 gün qalmış, bülletenlər çap olunana qədər namizədliyini geri götürə bilər: “Seçki prosesində iştirak edib son anda seçkidən imtina olunursa, bu, onun göstəricisidir ki, artıq namizəd məğlubiyyətini görür. Alternativlərinə baxıb başa düşür ki, artıq məğlubdur. O baxımdan mübarizəni yarımçıq dayandırır. Müsavat rəhbərliyi də bu taktikanı seçməklə partiyanı biabırçılıqdan xilas etməyə çalışırdı. Lakin xilas edə bilmədi. Çünki birinci növbədə hər bir namizədin gücü bəlli idi. Partiya rəhbərliyi düşünürdü ki, özlərinə bir neçə mandat əldə etsinlər. Amma seçkinin bir yolu var, o da düz yoldur, xalqın etimadını qazanmaqdır. Bilirdilər ki, xalq onları seçməyəcək, ona görə də namizədliklərini geri götürdülər. Hesab edirəm ki, onlar bu addımları ilə həm seçicilərə, həm cəmiyyətə, həm də öz partiyalarına hörmətsizlik etdilər”.

“Bu məsələnin müzakirəsi gündəmdə deyil”

O, YAP üzvü olub seçkilərdə namizədliyini fərdi qaydada irəli sürən şəxslərə qarşı partiya tərəfindən hər hansı addım atılıb-atılmayacağına da aydınlıq gətirib: “Bilirsiniz ki, noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə partiyanın bir neçə üzvü YAP-ın irəli sürdüyü namizədlərə alternativ olaraq öz namizədliklərini irəli sürüblər. Yəqin ki, bununla bağlı YAP rəhbərliyi yaxın vaxtlarda öz fikrini bildirəcək. Ancaq indidən dəqiq deyə bilmərəm ki, bununla bağlı tədbir görüləcək və ya görülməyəcək. Hələ bu məsələnin müzakirəsi gündəmdə deyil”.

“ATƏT DTİHB onlara göndərilən rəyin nöqtə-vergülünü dəyişmədən öz adına dərc edir”

S.Novruzov seçkilərin beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkini izləməkdən imtina qərarına da münasibətini açıqlayıb. Onun fikrincə, elə müşahidəçilər var ki, onlar seçkini izləmədən bəyanat verir: “Bu, gözlənilən məsələ idi. Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdən bugünədək ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu həmişə Azərbaycana qərəzli yanaşır. Azərbaycandan qat-qat pis vəziyyətdə keçirilən seçkilərə isə yüksək qiymət verib. Məsələn, Ermənistan, Gürcüstan, İraq, Əfqanıstan, Ukraynadakı seçkilərlə bağlı qiymətləri yüksək olub. Azərbaycana isə qərəzli qiymət verilib. Ölkəmizdəki seçkilər azad, ədalətli, demokratik keçirilib. Amma bunların qərəzli münasibəti bəlli idi. Bir neçə partiyanın yazıb onlara göndərdiyi rəyin nöqtə-vergülünü dəyişmədən öz adlarına dərc edirlər. Burada da Ermənistan lobbisinin, Azərbaycanın müstəqilliyini, ölkəmizdə iqtisadi inkişafı istəməyən qüvvələrin təsiri göz qabağındadır. Bunlar bu yolla Azərbaycana təzyiq göstərmək, Azərbaycanın təbii sərvətlərindən güzəştli bəhrələnmək istəyirlər. Bu isə yolverilməzdir. Azərbaycan bu gün müstəqil siyasət aparır, heç bir bloka qoşulmur və bundan sonra da qoşulmayacaq. Onların verdiyi bəyanat sırf siyasi xarakter daşıyır. Bu, seçkinin nəticəsi ilə əlaqədar məsələ deyil. Büro 500 nəfər göndərsəydi də, həmin rəyi verəcəkdi. Onların rəyləri əvvəlcədən hazır idi”.

“Azərbaycanda seçkinin taleyini xalq həll edir”

S.Novruzov xatırladıb ki, 500-dən artıq xarici müşahidəçi, Avropa İttifaqına daxil olan dövlətlərin nümayəndələri, Asiya ölkələrinin siyasi partiyalarının, MDB Parlament Assambleyası, AŞPA nümayəndələri seçkiləri izlədi: “Onlar gördülər ki, Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirilir və öz bəyanatlarını verdilər. Hakimiyyətin mənbəyi xalqdır, Azərbaycanda seçkinin taleyini xalq həll edir. Kim ədalətli qərar veribsə, çox sağ olsun, kim ki, qərəzli mövqe tutur, bu, bizi heç maraqlandırmır”.

Nərgiz


Müəllif: