Dekabrın 2-də V çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirildi. İclası açan komitənin sədri Ziyad Səmədzadə V çağırış Milli Məclisin deputatı seçilmələri münasibətilə komitə üzvlərini təbrik etdi, onlara qarşıdakı 5 ildə müvəffəqiyyətlər arzuladı.
Komitə sədri bildirdi ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Bunlardan üçü beynəlxalq Sazişlərdir. Belə ki, Azərbaycan Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqələri haqqında, o cümlədən bu ölkə ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, həmçinin San Marino Hökuməti ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişlər ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına xidmət edir.
Gündəlikdəki digər məsələlər isə Ticarət Gəmiçiliyi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Təbii inhisarlar haqqında” və “Gömrük tarifi haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir. Məlumat verildi ki, bu dörd qanuna təklif olunan dəyişikliklər “Dəniz limanları haqqında” Qanunun tətbiqini və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Deputatların fikirləri dinlənildikdən sonra gündəlikdəki 7 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu. Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası başa çatıb.
Nemət