Ermənistan Mərkəzi Seçki Komissiyası referendumla bağlı keçirilən səsvermənin nəticəsinin elektron hesablanmasını yekunlaşdırıb. Nəticəyə əsasən Konstitusiya islahatları layihəsində səsvermədə iştirak edən seçicilərin 63,35 faizi "hə" deyib. Seçicilərdən 32,35 faizi konstitusiya islahatlarının əleyhinə çıxıb. Xatırladaq ki, ötən gün Ermənistanda keçirilən referendum seçicilərin aktivliyinin nəzərəçarpan dərəcədə az olması ilə seçilib. Səsvermədə ölkə əhalisinin 50,51 faizi iştirak edib.
Qeyd edək ki, Ermənistanda yeni hazırlanan Konstitusiya layihəsinə görə, ölkə parlament üsuli-idarəsinə keçir. Prezident isə parlament və yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən 7 illiyə seçilir. Eyni şəxs ikinci dəfə prezidentliyə namizəd ola bilməz. Parlamentin 5 il müddətinə seçilməsi nəzərdə tutulur. Proporsional sistem əsasında keçiriləcək seçkilərdə ən çox səs toplamış partiya və ya blok ölkənin Baş naziri vəzifəsinə namizəd irəli sürmək hüququna malik olacaq.
Maraqlıdır, Ermənistanın hakim dairələri konstitusiya islahatları həyata keçirməklə nəyə nail olmaq istəyirlər? Referendum prosesini həyata keçirməklə Ermənistanın dövlət başçısı nəyi hədəfləyir?
Bu istiqamətdə suallarımızı cavablandıran Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, referendum əleyhdarı olan şəxslərin siyasi təpkiləri Ermənistanda böyük mənada ictimailəşmədi. Onun sözlərinə görə, insanlar İrəvanın "Azadlıq" meydanına çağırılsalar və bir neçə gün bu meydanda gecələsələr də, toplu halında kütləvi etirazlar hiss olunmadı: "Yəni, cəmiyyət siyasi qüvvələrə birmənalı dəstək vermədi. Siyasi qüvvələr düşünürdü ki, referendumla ediləcək dəyişikliklər vasitəsilə Sərkisyan hakimiyyəti növbəti dəfə ömrünü uzatmaq istəyir. Digər tərəfdən düşünənlər var ki, Sərkisyan hakimiyyəti parlament üsuli-idarəsi yaratmaqla, eyni zamanda, böyük səlahiyyətlərə malik prezident üsuli-idarəsini ləğv etməklə bir növ məsuliyyətdən qaçmaq və ya məsuliyyəti bölüşmək istəyindədir. Açığı, burda müəyyən məntiq də var. Yadınızdadırsa, 2013-cü ildə Ermənistan Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaq ərəfəsində məhz Rusiyadan gələn ciddi təzyiq və təhdidlər sayəsində son anda bu sənədi imzalamaqdan vaz keçdi. Bunun əvəzində nüvəsi Rusiya olan Avrasiya İttifaqına üzvlüklə bağlı sənədə Sərkisyan prezident olaraq imza atmaq məcburiyyətində qaldı. Sərkisyan, əslində, bu gün parlament üsuli-idarəsi yaratmaqla, eyni zamanda, səlahiyyətlərinin böyük hissəsini Təhlükəsizlik Şurası və Ağsaqqllar Şurasına verməklə gələcəkdə bu cür mühüm qərarların verilməsində bütün məsuliyyətin bir nəfərin üzərinə qoymaqdan qaçmaq niyyətini düşünür".
Bundan əlavə, N.Miri bildirib ki, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı artıq stastus-kvonun dəyişiləcəyi ilə bağlı müəyyən ortaq fikir formalaşır. Müsahibimiz qeyd edib ki, Ermənistan hakimiyyəti artıq status-kvonu uzun müddət saxlamağın mümkün olmayacağını anlayır: "Ən azından Avropa Şurasının qəbul etdiyi son iki qətnaməni nəzərə alsaq, görərik ki, getdikcə Dağlıq Qarabağ və ona bitişik rayonların işğalı ilə bağlı beynəlxalq səviyyədə hüquqi çərçivələr çoxalmaqda davam edir. Bu da Azərbaycanı indiki şəraitdə Ermənistan qarşısında haqlı duruma gətirib çıxarır. Ona görə də Ermənistan hakimiyyəti düşünür ki, status-kvonu saxlamaq mümkün olmayacaqsa, rəsmi İrəvan mütləq mənada müəyyən güzəştlərə getməlidir. Bu güzəştlər də təbii ki, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması ola bilər. Sərkisyan hakimiyyəti bu cür məsuliyyətli və strateji qərarların altına imza atmamaq üçün bu məsuliyyəti həmin Ağsaqqallar Şurası ilə bölüşmək istəyir. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, Sərkisyan öz siyasi hakimiyyətinin ömrünü uzatmaq istəyərsə, növbəti parlament seçkilərində "Respublika" Partiyasını gücləndirə və yenidən siyasi eşalonun başına çıxa, yəni baş nazir ola bilər. Bildiyiniz kimi, parlament üsuli-idarəsində də əsas icraedici mexanizmlərin başında baş nazir dayanır. Bu baxımdan referendumun keçirilməsi Sərkisyanın siyasi ömrünü uzatmaq xarakterli də ola bilər".
Səxavət HƏMİD