8 Yanvar 2016 12:38
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sonlarında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin irəli sürdüyü “Azərbaycan Naminə Həmrəylik” adlı yeni birliyə müxalif cameənin münasibəti birmənalı olmadı. Parlament seçkisi ərəfəsində yaradılan “Azadlıq-2015" blokunda təmsil olunan partiyalardan başqa digər siyasi təşkilatlar bu çağırışa faktiki dəstək vermədi. P.Hüseyn hələ bu ideyanı təqdim edəndə vurğulamışdı ki, zaman-zaman belə təkliflər olub və hazırda bunun reallaşması üçün imkan var. O, həmçinin müxalifətə çağırış edib liderliyə iddialı olduğunu söyləmişdi.

AXP sədri 2016-cı ildə belə bir təsisatın reallaşma imkanları haqda danışıb. P.Hüseynin sözlərinə görə, xalq hərəkatı tipli hərəkatın yaradılması ilə bağlı ideya istiqamətində çalışır: “Təşkilati mərhələyə gəlib çatmaq mümkün olmayıb, amma iş gedir. Bu cür məsələlər bir gün və ya həftə ərzində həll oluna bilməz. Ortada ideya var, mən də bu ideyanı irəli sürənlərdən biri olmuşam. Bunun reallaşması hələlik görünmür, ancaq hər gün şərait dəyişir. Ölkədə yaranmış situasiya, geosiyasi vəziyyətlə bağlı müxalifət partiyalarının, ictimai-siyasi qüvvələrin bir araya gəlməsi üçün müəyyən təkliflər irəli sürülür. Təmaslar qurulur, məsləhətləşmələr aparılır. Mürəkkəb geosiyasi şəraitdə xalq hərəkatı tipli təşkilatlanma haqda fikirlər təsadüfi deyil və ağlabatandır. Ölkənin yeni mərhələyə keçməsi üçün bu tipli hərəkatın meydana gəlməsi mümkündür. Reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək”.

O, hərəkat ideyası barədə müxalifət partiyalarından AXCP və Müsavatla hər hansı məsləhətləşmə aparmadığını söyləyib: “Bu partiyaların rəhbərlərinin, funksionerlərinin bəyanatlarını mətbuatdan oxumuşam. Açıqlamalarından görünür ki, müxtəlif spektrləri əhatə edən birliyin yaranması istiqamətində maraqlı görünmürlər. Həqiqətən, mövqelərinin necə olduğu barədə bir şey deyə bilmərəm”.

P.Hüseyn AXCP və Müsavat partiyalarının rəhbərləri ilə təkbətək görüş imkanlarına da toxunub: “Təcrübəli siyasətçilərdir, əslində ortada aydın olmayan bir məsələ də yoxdur. Gün-gündən ölkədəki proseslərə yeni çalarlar daxil olur. İstər-istəməz fikirlərdə müəyyən dəyişiklik olacaq. Bunu xüsusi izah etmək və ya məsələləri sürətləndirmək indi mümkün görünməsə də, hesab edirəm ki, vəziyyət fikirlərdə dəyişikliyə səbəb ola bilər. Fevralın sonunda bu məsələlərə aydınlıq gələcək”.

Onun fikrincə, müxalifət üçün əsas problem siyasi liderlər məsələsidir: “Müxalifət düşərgəsindəki yaranmış problemlər partiya liderləri arasındakı münasibətlərlə bağlıdır. Subyektiv amillər bu məsələdə xeyli dərəcədə rol oynayır. Bu da siyasi proseslərin durğunluğuna gətirib çıxarır. Bundan sonrakı dönəmdə liderlər meydana çıxacaq. Söhbət konkret olaraq hansısa yeni simadan getmir. Köhnə liderlərdən də biri ola bilər. Ağ atlı oğlanın gəlib vəziyyəti dəyişdirəcəyi fikirlərinə sadəlövh təsəvvür kimi baxıram. Bu mənada hansısa siyasi liderin ortaya çıxması vacibdir”.

AXP sədri əlavə edib ki, müxalif düşüncəli düşərgənin böhran masası yaradılması və daim fəaliyyət göstərən orqan ideyası ortaya çıxıb: “Bununla ölkədəki situasiya ilə bağlı müəyyən cavabların tapılması, proseslərə təsir etmək imkanı əldə edilə bilər. Bu fikir maraqlı görünür və prosesdə iştirak barədə razılığımı vermişəm. Bu istiqamətdə də məsləhətləşmələr aparılır. Siyasi islahatların aparılması istiqamətində başlanğıc nöqtəsi kimi dövlət başçısı səviyyəsində müxalifətlə dialoqun qurulması fikirləri irəli sürülür. Belə formatda müzakirənin aparılması Azərbaycan cəmiyyətində yeni ovqat yaradar”.
P.Hüseyn eyni zamanda məhbus siyasilərlə bağlı addımlar atılması ehtimalının olduğunu deyib: “Yanvar və ya fevralda onların azad edilməsi ilə bağlı ehtimalımız var”.

Onun fikrincə, xaricdə gedən proseslərə münasibət də bəlli olmalıdır: “Sanksiya təşəbbüsü ilə bağlı Azərbaycan cəmiyyətinin yekdil rəyinin necə olub-olmadığına aydınlıq gəlməlidir. Bununla bağlı müxalifətdə də gözlənti var”.

Sarsıntıların olmamasına ümid etdiyini deyən P.Hüseyn vurğulayıb ki, gözləntilərin optimist istiqamətdə olması müxalifət qüvvələrinin mövqeyini dəyişdirə bilər: “Bu gün çox sərt mövqe tutan müxalifət ay yarımdan sonra loyal mövqe nümayiş etdirə bilər. Proseslər gedir, nəticələr məncə, 2016-cı ilin birinci rübündə bəlli olacaq, o zaman mövqelər də aydınlaşacaq. Təşəbbüslərimizin hansının reallaşıb-reallaşmayacağı da müəyyənləşəcək”.

Nərgiz


Müəllif: