28 Yanvar 2016 15:07
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Babaoğlu: “Fasilə vermədən hüquqlarımızın bərpası üçün mübarizəmizi davam etdirəcəyik”

Arzu Nağıyev: “Təcavüzkarı danışıqlar masasına əyləşdirmək ən müsbət yoldur”

Bir neçə gün əvvəl AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirəyə iki məruzə çıxarıldı. Lakin bir sıra ekspertlərin və hətta AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri də bu məruzələrdən birinin qəbul edilməməsinin gözlənildiyini qeyd etmişdilər.

Müzakirələr zamanı isə Ermənistan nümayəndə heyətinin və ermənipərəst qüvvələrin səyi nəticəsində Robert Valterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” adlı məruzə qəbul edilmədi. Onu da qeyd edək ki, AŞPA-nın qış sessiyası başlamazdan bir neçə gün öncə ATƏT-in Minsk qrupu həmsədrləri bu məsələ ilə bağlı Azərbaycanın mövqeyinə əks olan bəyanatla çıxış etmişdilər.

Məsələyə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib ki, AŞPA-nın belə mövqeyi əsla başadüşülən deyil. Onun fikrincə, insan hüquqları üzrə az qala ixtisaslaşmış ən böyük Avropa institutu kimi səciyyələndirilən belə bir təşkilatda azərbaycanlıların pozulmuş hüquqlarının müdafiəsinə yönəlmiş bir qanun layihəsinin keçməməsi AŞPA adına bir ayıbdır və onun tarixində qara səhifə kimi qalacaq: “Məsələ ondadır ki, insan hüquqlarının qlobal dəyər kimi qəbul olunması və onun qorunmasının təmin olunması AŞPA tərəfindən əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Bu həm də beynəlxalq hüququn tələbidir. Ona görə də insan hüquqlarının və qlobal dəyərlərin milli mənsubiyyətə görə, yaxud dini təəssübkeşliyə görə manipulyasiya edilməsi qətiyyən yolverilməzdir. Təəssüf ki, AŞPA-nın son qərarında biz bunun şahidi olduq. Bu, ilk növbədə AŞPA-nın özünün bəyan etdiyi prinsiplərdən imtina etməsidir.

Ermənistana dəstək məsələsinə gəldikdə isə, sözsüz ki, biz münaqişə tarixi ərzində Qərb institutlarının və dövlətlərinin işğalçı Ermənistana açıq, yaxud gizli dəstəyinin həmişə şahidi olmuşuq. Doğrusu, bunu söyləməkdən çəkinmək lazım deyil. Çünki Qərbin ikili standart siyasətinin kökündə də bəzi hallarda elə sivilizasiyaların qarşıdurması və islamafobiya fəlsəfəsi durur. Bu mənada elə AŞPA-nın son qərarını da işğalçı Ermənistana dəstək kimi qəbul edə bilərik".

H.Babaoğlu deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin məsələ ilə bağlı müvafiq bəyanatı da kobud diplomatik xəta və beynəlxalq hüququn ilhaqı idi: “Amma biz, artıq belə qərəzli münasibətlərə çoxdan alışmışıq. Ona görə də heç fasilə vermədən hüquqlarımızın bərpası üçün mübarizəmizi davam etdirəcəyik. Yəqin ki, bəhs etdiyimiz layihəni yenidən işləyərək təkrar müzakirəyə çıxarmaq lazım gələcək. Belə işlər uzun zaman və səbir tələb edən işlərdir”.

Image result for Arzu Nağıyev

Politoloq Arzu Nağıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin AŞPA da qaldırılması və işğal məsələsinin qoyulması müsbət hal kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, müsbət qərarın qəbul edilməsi onsuz da gözlənilən deyildi: “Ancaq belə bir sayda dövlətin müsbət rəyi də təqdirəlayiqdir. Məlumdur ki, AŞPA-da çoxsaylı Avropa dövlətlərinin parlamentariləri var və skeptiklər də burada yetərincədir.

Digər məqam isə erməni lobbisinin təsiridir. Bir səbəb də BMT qərarlarına münasibətdən irəli gəlir. Səs fərqinə diqqət yetirəndə görünür ki, ən böyük təsir məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatından sonra olub. Təbii ki, bu da onların təmsil etdiyi dövlətlərin mövqeyidir. Bunu Rusiya XİN rəhbəri Lavrovun yeddi rayonla bağlı bəyanatında da gördük. Deməli, bu da ermənilərin lehinə təbliğ idi".

A.Nağıyev deyib ki, Sərsəng su anbarı ilə bağlı qərarın qəbulu da dolayı yolla işğalı təsdiq edir: “Nəticə budur ki, nüfuz savaşı davam edir və Azərbaycan bu istiqamətdə müstəqil siyasətini yürütməli, ordu quruculuğuna və xarici siyasətə önəm verməlidir. Düşünürəm ki, ATƏT-in Minsk qrupuna da təsir mexanizmləri işlənməlidir.

Bir daha əmin olduq ki, güc nümayiş etdirməklə təcavüzkarı danışıqlar masasına əyləşdirmək ən müsbət yoldur".

Bəxtiyar


Müəllif: