Səbuhi Aslanbəyli: "Bu, iflic olan bir orqanizmin bərpasına xidmət etməyə çalışan məntiqsiz yanaşmadır"
Müsavat Partiyası ilə Razi Nurullayevin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında qalmaqal müşahidə olunur. Buna səbəb Müsavat rəhbərliyinin bu təşkilat barəsində işlətdiyi fikirlər olub. Müsavat rəhbərliyi bəyan edib ki, Razi Nurullayevin sədri olduğu AXCP, habelə Qubad İbadoğlunun yaratdığı Demokratiya və Rifah Hərəkatı əslində təzyiq mexanizmi daşıyır, gerçək məqsəd Müsavat və AXCP-ni sıradan çıxarmaqdır.
Müsavat rəhbərliyində təmsil olunan şəxslərin bu tipli açıqlamaları Razi Nurullayevin sədri olduğu AXCP-nin səbr kasasını daşırıb. Partiya sədrinin müavini Səbuhi Aslanbəyli Müsavatın iddialarına cavab verib. Bildirib ki, belə iddia ortaya qoymaq iflic olan bir orqanizmin bərpasına xidmət etməyə calışan məntiqsiz yanaşmadır. Onun sözlərinə görə, yeni simaların konseptual yanaşmaları, bir beyin mərkəzi kimi fəaliyyətləri, islahatlar və paketlər halında mövqelərini ortaya qoyması, qaragüruh təfəkkürə malik insanlarda və təşkilatlarda qısqanclıq hissi yaratması kimi təbii bir şey yoxdur: "Təbii ki, bu təfəkkürə malik insanların da öz yandaşları kimi eyni mövqeyə sahib bir təşkilatlarla əməkdaşlıq etməyə can atması aydındır. Məsələ burasındadır ki, hazırda Azərbaycan cəmiyyətində formalaşan yeni simalar və təşkilatlar özlərini qısa bir zamanda təsdiq etməyə başlayıblar. Həm ictimai sektorda, həm də praktik olaraq bu məsələlərin realizəsi gündən-günə qabarır. İstər Azərbaycanda Demokratiya və Rifah Hərəkatı, istər "Ağ Blok" və ya bizlərin təmsilində gənclərin bizləri seçməsi və inkişafımız onların da nəzərindən yayınmır. Öz xarakterlərinə uyğun şər və böhtan dolu atmacalarla, heç bir əsası olmayan yanaşmalarla çox uzağa gedə bilməyəcəklər. Kimlərin vint rolunu oynadığı da cəmiyyətə çoxdan məlumdur. 1998-ci ildə Elçibəyə edilmiş xəyanətin (seçkilərə vahid namizədlə qoşulmaq imkanı verilməməsi və seçkilərin boykotu) başında Müsavatın indiki rəhbərliyi dayanırdı. 2003-cü ildən insanların repressiyaya verilməsi də hansısa oyunlardan xəbər verir. Bugünkü gündə Müsavatın parçalanmasına xidmət edən birilərinin kimlərəsə söz atmaları səviyyə fərqində də nə qədər küt zəkalı olamağın əlamətidir".
AXCP nümayəndəsi qeyd edib ki, bu məsələlər əksinə, məhz bizim kimi düşünən təşkilatların və simaların daha da möhkəmlənməsinə xidmət edir: "Gördüyümüz fəaliyyətin nə qədər doğru və səmərəli olmasının nəticəsidir ki, addımlarımız cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Müsavat rəhbərliyi bizə şər-böhtan ataraq Əli Kərimliyə özlərini şirin göstərməyə çalışmaqla qaragüruh bataqlığında siyasət yürütmək ənənələrindən vaz keçmədiklərini bir daha göstərirlər".
Məlumat üçün qeyd edək ki, Müsavat Partiyası rəsmi AXCP olaraq Əli Kərimlinin sədri olduğu təşkilatı tanıdığını elan edib, onun kənarında heç bir AXCP ilə əməkdaşlıq etməyəcəyini bildirib. Lakin AXCP-nin Əli Kərimli qanadı Müsavat Partiyası ilə əməkdaşlıq təklifini rədd edir, bu partiyanın siyasi kursunu dəyişdirdiyini bildirir.
CAVİDAN