10 Fevral 2016 12:19
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novella Cəfəroğlu: “Vaxtım olanda İsa Qəmbərin tədbirlərinə qatılacağam”

“Biz yeni layihə üzərində işləyirik. Bununla bağlı Avropa səfərimiz yenicə başa çatıb. Hazırda Bakıdayıq. Söhbət bələdiyyələrlə bağlı layihədən gedir”.

Bunu Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi əlavə edib ki, Avropaya səfəri əsasən bələdiyyələrlə tanışlıq məqsədi daşıyıb: “İstəyirik ki, onlar da gəlib fəaliyyətləri barədə bizim bələdiyyələrə məlumat versinlər. Yəni təcrübə mübadiləsi olsun. Bizim səfərimiz İsveçrəyə oldu. Hazırda İsveçrənin qeyri-hökumət təşkilatı, eləcə də bələdiyyə orqanı böyük bir layihə yazır. Biz də bu prosesdə iştirak edəcəyik. Onları bura dəvət edəcəyik, qarşılayacağıq, bələdiyyələrlə görüşlərini təşkil edəcəyik. Yəni burada qrantı onlar alacaq. Məndə olan məlumata görə, İsveçrə qeyri-hökumət təşkilatı qrant layihəsini Azərbaycan Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dəstək fonduna, həm də Avropa İttifaqına yazacaq. Onlarda bələdiyyə orqanları həm də QHT hesab oluna bilir. Yəni onlar qrant ala, onu icra edə bilərlər”.

N.Cəfəroğlu hesab edir ki, Azərbaycan və İsveçrə bələdiyyə orqanları arasında təcrübə mübadiləsinin aparılması müsbət bir addım olardı: “Bizdə bələdiyyələrin yaşı, iş təcrübəsi azdır. Bizim bələdiyyələr onlardan işin təşkili, müraciətlər, fəaliyyət, imkanlar, resurslar, bələdiyyə qəzeti, insanlarla təmas və s. məsələləri öyrənə bilər”.

Hüquq müdafiəçisi fəaliyyət profillərini dəyişmələri haqqında iddiaları yalanlayıb: “Biz bu layihədə qadınların bələdiyyələrdə rolunu artırmaq məsələsini qabardırıq. Yəni bu prosesə də fəaliyyət sferasına qadınların bələdiyyədə və idarəçilikdə rolunun artırılması daxildir. Hesab edirəm ki, belə bir prosesin baş verməsi müsbət hadisə olardı”.

N.Cəfəroğlu Azərbaycana səfərə gələn İsveçin xarici işlər naziri, xanım Margot Vallströmla görüşəcəklərini də deyib: “Biz böyük ehtimalla xanım nazirlə görüşüb müzakirələr aparacağıq. Lakin görüşün detalları, müzakirə edilən məsələlər barədə sonra məlumat verə bilərik. Görüşdə mənimlə yanaşı həmkarlarım Səidə Qocamanlı və Səadət Bənəniyarlı da iştirak edəcək”.

Hüquq müdafiəçisi mart ayında əfv olacağını arzu etdiklərini də qeyd ediblər: “Biz Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsi olaraq fəaliyyətimizi davam etdiririk, işləyirik, müraciətlər qəbul edirik. Əfv Novruz Bayramında da, ondan əvvəl də, sonrada ola bilər. Bu, Azərbaycan Prezidentinin müstəsna səlahiyyətinə aid olan məsələdir. Biz özümüzə aid olan hər şeyi edirik. Məsələn, İnsan Hüquq Problemlərinin həlli məqsədilə yaradılan Birləşmiş İşçi Qrupunun toplantısı dekabrın sonunda keçirilib, müəyyən məsələlər müzakirə edilib. İndi də İşçi Qrupunda təmsil olunan QHT, hökumət nümayəndələri bir-birilə əlaqədədir, toplaşırlar. Yəni bu istiqamətdə də iş gedir. Biz müraciətləri, ərizələri qəbul edirik. Nəzərə alın ki, qrupa yüzlərlə ərizə daxil olur. Burada söhbət ancaq siyasi partiya üzvü olan və həbsdə olan şəxslərdən getmir. Yüzlərlə insan bizə yazır, hansısa problemlərini qaldırır. Biz də çalışırıq ki, bu məktubları aidiyyəti orqanlara təqdim edək, onların həllinə nail olaq”.

Novella Cəfəroğlu son aylar İsa Qəmbərin sədri olduğu Milli Strateji Düşüncə Mərkəzinin toplantılarına dəvət olunmadığı, İsa Qəmbərlə münasibətlərinin artıq mövcud olmadığı barədə xəbərlərə də aydınlıq gətirib: “Ortada hər hansı problem yoxdur. Həmin tədbirlərdə görünməməyim vaxtımın olmaması, səhhətimdə müəyyən problemlərin yaranması ilə daha çox bağlıdır. Vaxtım olanda bu tədbirlərə qatılacağam”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər