Millət vəkili: “Azərbaycan hökuməti Fəaliyyət Planının hazırlanmasında beynəlxalq praktikanı maksimum nəzərə almağa çalışır”
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin təşkilatçılığı ilə “Açıq hökumət"in təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə yeni Fəaliyyət Planı istiqamətində ictimai müzakirə keçirilib. Şəbəkədən verilən məlumata görə, şəbəkənin əksər üzvləri, dəvət olunmuş digər QHT nümayəndə və ekspertləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin təmsilçiləri, Avropa Şurasının Azərbaycan ofisinin nümayəndələri, ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumət”in təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə yeni Fəaliyyət Planlarının layihələri hazırlanıb. Şəbəkənin təşəbbüsü ilə digər QHT-lərin də iştirakı ilə artıq bir dəfə, hazırlanma mərhələsində layihələrin ictimai müzakirəsi keçirilib. Onun sözlərinə görə, bu təkliflərin bir qismi nəzərə alınıb. Bu müzakirədə vətəndaş cəmiyyətinin növbəti təklifləri və təşəbbüsləri səsləndiriləcək, Komissiya katibliyi əməkdaşları ilə müzakirə olunacaq.
Ə.Nuriyev qeyd edib ki, yeni Fəaliyyət Planları strukturu və forması ilə əvvəlkilərdən seçilir. Bu dəfə hər bir fəaliyyətin qiymətləndirilməsi indikatorları müəyyən olunub. İcraya məsul qurumlar konkret göstərilib. Vaxt çərçivələri də dəqiqdir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin əməkdaşı Kamal Cəfərov bildirib ki, vətəndaş cəmiyyətinin bütün təklifləri diqqətlə öyrənilir. Layihələrin hazırlanması prosesi davam edir və QHT-lərin təklifləri daxil olduqca, onlara baxılır. Ümumiyyətlə, Komissiya çalışır ki, Fəaliyyət Planlarının daha təkmil hazırlanması üçün vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq edilsin və onların potensialından tam istifadə olunsun.
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov fiskal şəffaflıq, “Hüquq və inkişaf” İB-nin sədri Hafiz Həsənov vətəndaş müraciətlərinə baxılması praktikasının yaxşılaşdırılması, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz fikirlərini bildiriblər. Bütün təkliflər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndəsi tərəfindən qeydə alınıb. İştirakçılardan isə digər əlavə məlumatları da elektron formada Komissiyanın Katibliyinə və ya Şəbəkəyə təqdim etmələri xahiş olunub.
Tədbirdə iştirak edən Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə milli əlaqələndiricisi, millət vəkili Vüsal Hüseynov da səslənən təkliflərlə bağlı öz fikirlərini açıqlayıb. V.Hüseynov qeyd edib ki, Azərbaycan hökuməti hər iki Fəaliyyət Planının hazırlanmasında beynəlxalq praktikanı maksimum nəzərə almağa çalışır.
Cavidan