“Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya nota göndərməsi gecikmiş olsa da gərəkli addım idi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana silah-sursat satdığı üçün Rusiyaya nota göndərməsinə etiraz olaraq bildirib.
E.Şahinoğlu hesab edir ki, gecikmə böyük ehtimalla məsələnin dövlət başçısı ilə razılaşdırması ilə əlaqəlidir: "Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə önəm verməklə yanaşı, şimal qonşumuzun Ermənistanı silahlandırmasına da seyrçi qala bilməz. Notada da deyildiyi kimi hamıya bəyan etməliyik ki, Rusiyanın kasıb Ermənistana faktiki bəxşiş etdiyi 200 milyon dollarlıq silah və hərbi texnika işğal altındakı torpaqlarda yerləşdiriləcək. Əlbəttə, Rusiya XİN Bakının notasına cavab olaraq deyə bilər ki, istədiyim ölkəyə silah da sataram, hədiyyə də verərəm. Bəli, bu Rusiyanın hüququdur. Ancaq addımbaşı beynəlxalq hüququn aliliyindən və Suriyanın ərazi bütövlüyünə hörmətdən danışan Kreml elan etdiyi bu siyasətinə sadiq qalmalı, ikili standartlara yol verməmə - Suriya kimi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Başqa sözlə Rusiya Ermənistana silah verə bilər, ancaq üzərinə təminat götürməlidir ki, bu silahlar Azərbaycanın işğal altındakı torpaqlarına peyda olmayacaq. Elə Azərbaycan XİN-nin notası da məhz bu sözlərlə bitir ki, Rusiya 200 milyon dollarlıq silah və texnikanın işğal altındakı ərazilərdə yerləşdirməyəcəyinə dair zəmanət verməlidir. Aydındır ki, Kreml belə bir zəmanət verməyəcək. Çünki Rusiya həmin silah və texnikanı kasıb Ermənistana məhz ona görə verib ki, separatçılar Azərbaycan qarşısında gücsüz duruma düşməsinlər".