Bu il Amerikada 58-ci prezident seçkiləri keçiriləcək. Noyabrın 8-də keçirilməsi planlaşdırılan seçkilərlərlə əlaqədar artıq ölkədə siyasi ehtiraslar qızışıb. Namizədlər arasında təşkil olunan debatlar sərtliyi, namizədlərin bir-birinə ağır ittihamları ilə yadda qalır.
Teleqraf.com ABŞ-dakı seçkiqabağı mühiti dəyərləndirmək üçün Müsbət Dəyişiklik Hərəkatının təsisçisi Bəxtiyar Hacıyevə müraciət edib.
- ABŞ-da prezident seçkiləri kampaniyasının gedişini necə qiymətləndirirsiz? Bu seçkilərdə surpriz namizədlər ola bilərmi?
- ABŞ-da prezident seçkiləri artıq start götürüb. Bildiyiniz kimi, seçkilərdə iki əsas partiyanın namizədinin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirilir və hələ ki, ilkin seçkilərin keçirildiyi 4 ştatın nəticəsinə görə, hər iki partiyada maraqlı mənzərə yaranıb.
Demokratlar partiyasından heç kimin gözləmədiyi halda sosialist kimi tanınan Bernie Sanders ABŞ birinci xanımı, senatoru, dövlət katibi olmuş Hillari Klintona ciddi rəqib kimi ortaya çıxdı. Sanders xüsusi ilə də gənc seçicilər arasında populyardır və kiçik ianələrlə qısa zamanda on milyonlarla dollar toplayaraq, seçki marafonunda böyük sıçrayış etdi və əsas ştatlardan birində qalib gəldi.
Respublikaçı namizədlər arasında da maraqlı mənzərə yaranıb. Bir il əvvəl kimsə desəydi ki, biznesmen Donald Tramp respublikaçıların ən oturuşmuş ailələrindən olan və iki ABŞ prezidenti yetişdirmiş Buş ailəsinin namizədi Ceb Buşu seçkidən kənarda qoyacaq, buna heç kim inanmazdı. Hər şey 1 martda keçiriləcək və "Super Çərşənbə axşamı" adlandırılan seçkilərdə daha aydın görünəcək. 1 martda eyni gündə 12 ştatda ilkin seçkilər keçiriləcək və vahid namizəd olmaq üçün lazım olan nümayəndələrin böyük bir hissəsi bu gün müəyyənləşdiriləcək.
- Respublikaçıların namizədi Donald Trampun potensialnını necə qiymətləndirirsiz? Onun partiyadaxili seçkilərdə uğur qazanmasını nə ilə əlaqələndirmək olar?
- Hazırda Tramp həm ilkin seçkilər keçirilən 4 ştatın nəticələrinə görə, həm də qarşıda keçiriləcək ştat seçkiləri ilə bağlı sorğularda öndə gedir və möcüzə baş verməsə, respublikaçıların namizədi ola bilər. Artıq Hillari Klintonun seçki qərargahı noyabrda keçiriləcək əsas prezident seçkilərində rəqib kimi Trampı görür və onunla rəqabətə hazırlaşırlar. Tramp daha çox kütləyə, kütlənin qəzəbinə, patriotizm hisslərinə oynayır və onun öz auditoriyası var. Məsələn, işsiz amerikalıların qəzəbindən istifadə edir və qeyri-qanuni immiqrantların onların işlərini əllərindən aldıqlarını deyir. Yaxud, müsəlmanlara qarşı İŞİD-dən istifadə edərək qorxu yaradır. Bir çox hallarda isə "Biz Amerikanı yenidən möhtəşəm edəcəyik" kimi populist ifadələrlə, kütlənin patriotluq damarını tutur. Onun ritorikası sadədir, senzurasızdır və savadsız, təhsilsiz bir çox amerikalı seçici ilə çox sadə ritorik, emosional bağ yaradır. Bundan başqa ABŞ seçkilərində pul və media faktorunu da unutmamaq lazımdır. Tramp öz seçki kampaniyasını özü maliyyələşdirir və ona kifayət qədər medianın diqqəti var.
- Digər iddialı şəxs Ted Kruz Trampı mafiya ilə əlaqələrdə, klanlarla işbirliyində ittiham edir. Sizcə, bu ittihamlar nə dərəcədə ağlabatandır?
- Hazırda respublikaçılar arasında yarışda cəmi 5 namizəd qalsa da, əsas mübarizə Marko Rubio, Tramp və Ted Kruz arasında gedəcək. Həm Rubio, həm də Kruz əllərində olan bütün imkanlarla Trampın sürətini azaltmağa, onu zəiflətməyə çalışacaqlar. Namizədlər arasında son keçirilən debat da bununla yadda qaldı. Onlar ABŞ seçicilərini düşündürən məsələlərin müzakirəsindən daha çox bir-birinə şəxsi hücumlar, bir çox halda isə təhqirlər yağdırdılar. Ted Kruz Donald Trampı siyasi baxımdan sıxışdıraraq onun vergi bəyannamələrini açıqlamasına çalışır. Buna etiraz edən Trampa isə "görünür, orada bəzi KİV-lərin yazdığı kimi, mafia ilə əlaqələri görünə bilər" deyir. Yəni, bu daha çox "Super Çərşənbə axşamı" öncəsi, Trampın sürətini azaltmağa hesablanmış bir addımdır. Əgər 1 mart "Super Çərşənbə Axşamı" seçkilərində yenə Tramp öndə olsa, şübhəsiz ki, respublikaçıların namizədi də o olacaq.
- Demokratların əsas nümayəndəsi hesab olunan Hillari Klintonu yəqin ki, yaxşı tanıyırsız. Onunla görüşünüz olub. Bu mənada Klintonun nüfuzu ilə bağlı rəyiniz bizim üşün maraqlı olardı...
- Mən 2008-ci ildə Hillari Klintonun seçkilərində könüllü işləyirdim. O zamankı müşahidələrimdən deyə bilərəm ki, Klintonun qarşısında davamlı olaraq bir neçə maneə olub və indi də var.
Birincisi, Hillari Klinton həyat yoldaşı Bill Klintonla bərabər uzun illərdir medianın diqqətində, ictimai həyatdadırlar. Həm qubernator xanımı kimi, həm Birinci xanım kimi, həm ABŞ Senatoru, həm də ABŞ Dövlət Katibi kimi bir çox sərt qərarlar verməli, sərt seçimlər etməli olub. Hər qərar, seçim isə kimlərisə narazı salır. Hazırda ABŞ-da Klintonlara qarşı formalaşmış qruplar var və o qruplar davamlı olaraq Hillari Klintonu dayandırmağa çalışırlar.
İkincisi, Hillari Klinton 8 il Ağ Evdə yaşayıb, Birinci Xanım olub. Bir çox ABŞ seçicisi eyni ailədən iki şəxsin prezident olmasından yorulduqlarını bildirirdilər. Ata Buş, oğul Buş, ər Klinton, xanım Klinton onlar üçün ABŞ siyasətində eyni ailələrin hakimiyyətdə uzun müddət qalması kimi görünürdü.
Üçüncüsü, xanım Klinton çıxışlarında daha çox öz təcrübəsinə, gördüyü işlərə istinad edirdi. Kənardan
özündən razı, iddialı, ambisiyalı, yalnız öz maraqlarını düşünən biri kimi təsir bağışlayır ilk baxışdan. Ancaq son zamanlar bu səhvlərini düzəldib, "mən" əvəzinə çıxışlarında adətən "biz" istifadə etməyə üstünlük verməyə başlayıb. Eyni zamanda, Obamanın keçmiş spiçrayteri bu yaxınlarda çox maraqlı bir məqalə yazaraq, Klintonun əslində göründüyü kimi özündən razı, sərt qadın yox, qayğıkeş, mehriban və xoş auralı biri olduğunu bildirmişdi. Bunu şəxsən mən də həm 2008-ci ildəki görüşümüzdə, həm də Bakıda 2012-ci ildə təkbətək görüşümüzdə müşahidə etmişəm. Klinton mətbuatda göründüyü qədər sərt yox, şəxsi həyatda bir qadın, bir insan kimi çox mehriban, diqqətli, qayğıkeş, eyni zamanda çox təmkinli, təcrübəli, müdrik bir insandır.
- Hazırda Amerikalıların mövqeyi nədən ibarətdir? Onların namizədlərdən gözləntiləri daha çox nə ilə bağlıdır?
- Amerikalıları hazırda narahat edən bir neçə məsələ var. Başda iqtisadi məsələlər, bərabərsizlik, iş yerlərinin olmaması, maaşların aşağı olması və s. dayanır. Bundan başqa müxtəlif qruplara qarşı ayrı-seçkilik, ədalət sisteminə, məhkəmələrə olan inamsızlıq da əsas mövzulardandır. ABŞ seçicilərinin böyük bir qrupu isə Wall Street şirkətləri, maliyyə qurumları, onların rəhbərlərinə qarşı qəzəblidirlər. Wall Streetdəki 0.1 faiz ən varlı adamın getdikcə daha da varlanması, maliyyə böhranına səbəb olduqları halda bonuslar almaqları, həbs edilməməkləri, eyni zamanda kiçik cinayətlər törətmiş insanların, məsələn, bir çox ştatda artıq qanuniləşmiş marixuana çəkməyə görə həbs edilməsinə etiraz edirlər. Bir neçə il əvvəl kifayət qədər geniş yayılmış bir hərəkat da yaranmışdı - "Wall Streeti zəbt et" (Occupy Wall Street) hərəkatı. Demokrat namizəd Bernie Sanders məhz bu mesajları təkrarlayaraq hazır kütlənin favoritinə çevrilmişdi. Lakin, sonradan Hillary Klinton eyni mesajları təkrarlamaqla və Bernie Sandersi "tək mövzulu namizəd" adlandırmaqla onu nisbətən dayandırmağa nail oldu.
- Sizcə, kimliyindən asılı olmayaraq Amerikanın növbəti prezidenti dünyada daha çox hansı məsələlərə diqqət yetirəcək?
- ABŞ prezidenti kim seçilsə, ölkə daxilində yenidən iqtisadi məsələlər, işsizlik, maaş bərabərsizliyi, immiqrasiya, tibbi sığorta və s. məsələlər öz aktuallığını qoruyacaq. Xarici siyasətdə isə çox güman ki, yenidən Yaxın Şərq, radikal dini qruplarla mübarizə, təhlükəsizlik, Rusiya və digər məsələlər diqqət mərkəzində olacaq.
- Rusiyaya qarşı münasibətdə iddialılar arasında nə kimi fərqlər var?
- Rusiyaya qarşı münasibətdə tutduqları mövqeyə görə kəskin fərqlənən namizəd görmürəm. Hazırda mübarizədə qalan 7 namizəd aşağı-yuxarı ümumi məsələlərdə Rusiya ilə bağlı mövqelərini ümumi ifadələrlə bildirirlər. Lakin, bir çoxlarının dediyi kimi, "prezidentlik təcrübə toplamaq üçün iş deyil" fikrini xatırlatmaq istəyərdim. ABŞ kimi böyük bir dövlətin prezidenti olacaq şəxs ilk gündən, Oval Ofisə daxil olduğu ilk andan sərt, müdrik qərarlar verməyi bacarmalı, komanda ilə işləməyi bilməlidir. Namizədlər arasında Hillari Klintonun 4 illik dövlət katibi postunda dəfələrlə həm o zamankı Rusiya prezidenti Medvedevlə, həm də indiki prezident Putinlə təmasları olub, Klinton Rusiyanı, Rusiyanın davranışını, maraqlarını, qorxularını çox yaxşı bilir. Kimsə deyə bilər ki, Obama da təcrübəsiz və gənc senator idi, ancaq uğurlu ABŞ prezidenti oldu. Obamanın üstünlüyü onda oldu ki, ilk gündən öz rəqibləri arasından iki təcrübəli şəxsə ən yüksək iki postu verdi. Həm daxili siyasətdə, həm də xarici siyasətdə kifayət qədər təcrübəsi olan Joe Bideni Vitse-prezident postuna, Hillari Klintonu isə Dövlət Katibi postuna təyin etdi. Hazırda namizədlər arasında xarici siyasət təcrübəsizliyini kiminlə və necə konpensasiya edəcəyini açıqlayan heç kim yoxdur.
- Barak Obamanın ümumi prezidentlik dövrünü necə qiymətləndirirsiz? O, daha çox nə ilə yadda qaldı?
- Barak Obamanı ümumiyyətlə, uğurlu prezident adlandırmaq olar. O, daxili siyasətdə iqtisadi tənəzzülü iqtisadi artıma çevirməyi bacarması, tibbi sığorta sahəsində onlarla ABŞ prezidentinin nail ola bilmədiyi islahatları reallaşdırdı. Xarici siyasətdə isə İran və Kuba ilə münasibətlərin yaxşılaşdırılmasını uğur hesab etmək olar. Eyni yanaşmanı Obama administrasiyası Medvedev prezidentliyi dövründə Rusiyaya da nümayiş etdirmişdi və kifayət qədər yaxınlaşma, əməkdaşlıq var idi. Lakin, Putinin sonradan bu prosesdə davranışları, atdığı addımlar və verdiyi qərarlar ABŞ-ın Rusiyaya qarşı münasibətinin, seçimlərinin dəyişməsinə səbəb oldu.
Ruslan Xəlil