1 Mart 2016 20:16
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tural Abbaslı: “Bu taktika ilə onlar daha 20 il müxalifətdə qalmaq imkanını əldən verməzlər”

““Ağ Blok”un siyasi partiyaya çevrilməsi üçün fəaliyyətimizi davam etdiririk. Birinci istiqamət qurultayın keçirilməsi, ikinci istiqamət isə qeydiyyata alınma ilə bağlıdır”.

Bunu “Ağ Blok”un rəhbəri Tural Abbaslı deyib.

Qeyd edək ki, bu qurum artıq özünə yeni ofis əldə edib. Partiyaya çevrilmə ilə bağlı bütün işlər blokun Nərimanov rayonunda yerləşən ofisində aparılır.

Tural Abbaslı qeyd edib ki, onlar hazırda ölkənin ictimai-siyasi səhnəsində normal fəaliyyət göstərir və bir sıra istiqamətlərdə təkliflərini irəli sürürlər: “Siyasi baxımdan çalışırıq ki, qurultaya qədər Ağ Partiya adı siyasi arenada öz yerini tutsun və tanınsın. Biz müxalifətin “Böhran Koalisiyası”nda iştirak edirik. Bu istiqamətdə reallığa uyğun fəaliyyətimiz var. Hədəfimiz mayda qurultayı keçirməkdir. “Böhran Koalisiyası” da fəaliyyətini aktiv aparır. Hətta mitinqə hazırlıq üzrə təşkilat komitəsi yaradılıb”.

T.Abbaslı hesab edir ki, Müsavat Partiyasının onlara qarşı tənqidinə ciddi əhəmiyyət verməyin tərəfdarı deyil: “Biz müxalifətdaxili rəqabətin və çəkişmələrin tərəfdarı deyilik. Bu, bizi zəiflədir. Bu mənada kim nə istəyirsə danışsın, etirazını bildirsin. Daha normalı odur ki, özləri gedib tədbirlər keçirsinlər. Təftişçiliklə məşğul olmaq və gündəmdə qalmaq istəyirlərsə, bu, ayrı məsələ. Məncə, bu taktika ilə onlar daha 20 il müxalifətdə qalmaq imkanını əldən verməzlər”.

Qeyd edək ki, hazırda Müsavat və ona yaxın təşkilatlarda qeyri-rəsmi söhbətlər zamanı açıq deyilir ki, “Böhran koalisiyası”nda anti-Müsavat əhval-ruhiyyəsinin yaradılmasının əsas təşəbbüskarı Tural Abbaslı və Pənah Hüseyndir. Ancaq T.Abaaslı bu iddialarla razılaşmayıb: ““Böhran Koalisiyası”nda Müsavat haqqında müzakirələrin aparıldığını eşitməmişəm. İndiyə qədər belə müzakirə olmayıb. Məqsədimiz Müsavatın əleyhinə iş görmək deyil. Kimsə təklif etsə belə, bu məsələ müzakirə edilməz. Odur ki, kimsə belə görüntü yaradıb gündəmdə qalmaq istəyirsə, başqa məsələ. Heç “Ağ Blok”un da Müsavat adlı problemi yoxdur. Bu mənada deyilənlər boş söhbətlərdir. Biz ən pis halda barəmizdə deyilənlərə cavab verə bilərik. Mən əvvəllər Müsavatın üzvü idim, rəhbərlikdə təmsil olunurdum. Odur ki, daima partiyanın qərargahına getməli idim. İndi isə özümüz partiya qururuq, ofisimiz var. Müsavat Partiyası Məşhəd ziyarətgahı deyil ki, gündə 3 dəfə ziyarət edək.

Məscid də deyil ki, namaz qılmağa gedək. Pənah Hüseynin yerinə cavab verə bilmərəm, amma mənin Müsavatı ziyarət etmək öhdəliyim yoxdur. Müsavatla bağlı təəssüf ki, xəyallarımız özünüzü doğrultmadı. Əgər doğrultsaydı, biz yeni partiya yaratmaq məsələsinə əl qoymazdıq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər