Martın 9-da Müsavat Partiyasının başqanı Arif Hacılı ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb. Görüşdə əsasən “Anti-böhran Koalisiyası”nın Müsavata təqdim etdiyi məktub müzakirə edilib. Arif Hacılı qarşı tərəfə bildirib ki, bu təklifi partiyanın müvafiq strukturlarında müzakirə etdikdən sonra rəsmi mövqelərini açıqlayacaq.
Belə görünür ki, Müsavat mülayim şəkildə Koalisiyanın təklifini rədd edib. Çünki Müsavat başqanı deyib ki, hazırda siyasi partiyaların koalisiyasını zəruri edən ciddi əsaslar və tələblər yoxdur. Onun sözlərinə görə, Müsavat digər müxalifət partiyaları ilə funksional əməkdaşlığa üstünlük verir: “Müsavat Partiyası siyasi mübarizənin müxalifət daxilindən çıxarılmasını vacib hesab edir. Biz bu məqsədlə müxalifət qüvvələri ilə funksional əməkdaşlıq münasibətlərinə üstünlük veririk. Konkret olaraq, bu istiqamətdə müəyyən addımlar atılıb, seçki kampaniyası dövründə Müsavat Partiyası ilə ”NİDA" və “REAL” Vətəndaş hərəkatlarının funksional əməkdaşlıq münasibətləri qurulmuşdu. Biz bundan sonra da belə münasibətlərin davam etdirilməsinin tərəfdarıyıq".
Müsavat başqanı bir qrup müxalif partiya rəhbərinin iştirakı ilə yaradılan “Anti-böhran koalisiyası”nda Müsavatın təmsil olunmamasının səbəblərini də açıqlayıb: “Təcrübədən bilirik ki, siyasi partiyaların vahid mərkəzdə birləşməsi istiqamətində aparılan müzakirələr bir qayda olaraq siyasi partiyalar arasında münasibətlərin daha da korlanması ilə nəticələnir. Ona görə də Müsavat Partiyası konkret məsələlər ətrafında əməkdaşlıq münasibətlərini daha səmərəli hesab edir”.
“Anti-böhran Koalisiyası”nın nümayəndəsi, VİP sədri Əli Əliyev qəzetimizə bildirib ki, onları müraciəti siyasi müstəvidə olan mərkəzlərə edilib: “Biz məsələləri debat şəklində müzakirə etməyin tərəfdarıyıq. Bu məqsədlə də Milli Şura və Müsavata təklif etmişik. Eyni zamanda biz problemləri jurnalistlərin qarşısında debat şəklində müzakirə etməyi vacib sayırıq. Bu, fərqli taktika təklif edən mərkəzlərin hansının cəmiyyətdə haqlı olması qənaətinin hasil olması üçün edilir”.
Ə.Əliyev qeyd edib ki, Müsavat başqanı A.Hacılının son açıqlaması ilə tanış deyil: “Martın 9-da Hacılı açıqlama vermişdi. Amma martın 10-da verdiyi açıqlama bir qədər fərqlidir. Onun ilk açıqlaması belə olmuşdu ki, Koalisiyadan gələn təklifləri anlayıb və bu təklifləri partiyanın kollegial qurumunda səsləndirəcək. İndi isə bir qədər fərqli açıqlama verib. Açığı, mən onun son açıqlamasını duya bilmirəm. Bizim konkret təklifimiz yaranan durumun media qarşısında debat formasında müzakirəsidir. Koalisiya Müsavata əməkdaşlıq təklifi etməyib ki, onun hansısa tərəflərini müzakirə etsin. Bizim təklifimiz budur ki, fikir müxtəlifliyi olan məqamlar ictimaiyyət qarşısında müzakirə edilsin, cəmiyyət də kimin haqlı olduğunu görsün. Hesab etmirəm ki, Koalisiyanın nümayəndəsi Sərdar Cəlaloğlu görüş zamanı Arif Hacılıya əməkdaşlıq formatı təklif edib və ya bu mövzuda danışıb. Bizim təklifimiz konkret şəraitdə konkret mövzu ətrafında müzakirələri ehtiva edir. Biz tərəflərə əməkdaşlıq təklifi verməmişik”.
Əli Əliyev bildirib ki, müxalif cinahda bir yerdə olmağı mümkün olan qüvvələrin bir təşkilatda təmsil olması daha ağlabatandır: “Müxalifətin əhəmiyyətli hissəsi ”Anti-böhran Koalisiyası"nda birləşib. Bu qüvvələr duruma adekvat reaksiya verərək, iki aydır əməkdaşlıq edir. Əgər ölkənin son 2-3 aylıq siyasi həyatı monitorinq edilərsə, Koalisiyadan başqa siyasi qüvvənin görüntüsü olmayıb".
Koalisiya təmsilçisi hesab edir ki, əgər onların hər kəsin gözü önündə debat təşkili təklifinə mənfi cavab veriləcəksə, bu zaman bəzi məqamlar da ortaya çıxacaq: “Bu zaman biz situasiyanı qiymətləndirəcəyik. Bizim təşəbbüs Koalisiyanın debata, polemikaya açıq olduğunu ortaya qoyur. Açıq müzakirə təklif edirik. Əgər opponentlərimiz buna müsbət yanaşmayacaqsa, deməli, top onların meydanında qalacaq. Bu halda bizim mövqeyimiz daha ədalətli və daha obyektiv görünəcək”.
Cavidan