“Ermənistanın həm Rusiyanın nəzarətindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəal üzvü olması, həm də NATO ilə yaxınlığı siyasi əxlaqsızlıqdan başqa bir şey deyil”.
Teleqraf.com AZƏRTACA-a istinadən xəbər verir ki, bu fikri keçən həftə Brüsseldə NATO-nun mənzil-qərargahında “28+1” formatında Şimali Atlantika Şurası ilə Ermənistan arasında keçirilən toplantıda Seyran Ohanyanın görüşlərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
“Seyran Ohanyan kimdir? Onu yəqin ki, NATO-da da yaxşı tanıyırlar. Əgər bilmirlərsə, qısa xatırlatma yerinə düşür. Qarabağ savaşında dinc əhaliyə qarşı qəddarlığı, amansızlığı, qaniçənliyi ilə ad çıxarmış quldur dəstəsinin başçısı, terror yolu ilə Ermənistanda hakimiyyəti ələ keçirmiş və kriminal strukturların dəstəyinə arxalanaraq “dövləti” idarə edən şəxslərdən biridir. Ələ keçirdiyi hakimiyyəti zorla da olsa qoruyub saxlamaq üçün bütün vasitələrdən – yalan, iftira, şantaj, hətta əxlaqsızlıqdan belə çəkinmir. Odur ki, Seyran Ohanyanın, eyni vaxtda KTMT və NATO-nun “qucağına” atılması onun kimi ünsürlər üçün adi haldır. Amma, necə deyərlər, onun “iki ağanın tək nökəri” olması cəhdləri heç bir fayda verməyəcək. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi, xalqımız və dövlətimizin iradəsi, Silahlı Qüvvələrimizin qüdrəti və gücündədir”, – deyə general-leytenant Y.Aydəmirov qeyd edib.