Müsavat Partiyası başqanının müavini, son əfv sərəncamı ilə azadlığa çıxan Yadigar Sadıqovun Teleqraf.com-a müsahibəsi:
- Yadigar bəy, Siz həbsdə olanda Müsavat Partiyasının qurultayı keçirilib. Lakin qurultayda narazılıqlar da özünü göstərib və nəticədə partiyadan qopmalar müşahidə edilib. Bu vəziyyəti necə şərh edirsiniz?
- Müsavat Partiyasının qurultayı nümunəvi, şəffaf, ədalətli və rəqabət şəraitində keçirilib. Hər bir namizəd üçün münasib şərait yaradılıb. Say komissiyasında maraqlı tərəflərin nümayəndəsi olub. Lakin təəssüflər olsun ki, qurultaydan sonra proseslər arzuedilən istiqamətdə inkişaf etmədi. Özünü məğlub hiss edən tərəf nəticələrlə barışmaq istəmədi. Onların qurultaydan öncə verdiyi açıqlama ilə qurultaydan sonra verdiyi açıqlamalar uyğunluq təşkil etmədi. Qurultaydan sonra məğlub olan tərəf bir növ təftişçiliyə başladı. Bu da arzu edilən deyildi. Beləcə, yaranan hay-küy demokratik qurultay ab-havasını kölgədə qoydu. Sonda proses bəzi üzvlərin partiyadan uzaqlaşması, bəzilərinin isə uzaqlaşdırılması ilə nəticələndi. Acınacaqlı nəticə idi. Biz istəməzdik ki, illər uzunu bizimlə bir yerdə olan insanları itirək. Təəssüflər olsun ki, vəziyyət bu həddə çatdı.
- Hikmət Hacızadə, Qubad İbadoğlu, Adil Qeybulla, Vurğun Əyyub, Səxavət Əlisoy və onlarla belə şəxs Müsavatı tərk edəsi oldu. Sizcə, bu, Müsavat Partiyası üçün itki hesab oluna bilər?
- Hər bir üzvün getməsi itkidir. Biz çalışıb sıralarımızı artırmalIyıq. Belə olan halda bir nəfərin partiyadan getməsi ciddi itkidir. Xüsusilə, Vurğun Əyyub, Hikmət Hacızadə, Qubad İbadoğlu partiyanın tanınmış simaları idi. Əlbəttə, onların partiyadan getməsi itki hesab olunmalıdır.
- Tofiq Yaqublu elan edib ki, Müsavatdan gedənləri partiyaya qaytarmaq məqsədilə cəhdlər göstərəcək, ADR Hərəkatı ilə təmaslar saxlayacaq. Sizin də belə bir missiyanız olacaqmı?
- Mən bu məsələdə Tofiq Yaqubludan daha bədbinəm. Hesab edirəm ki, yeni bir cəhd uğurlu nəticəyə səbəb olmaqdansa, sönən ocağın yenidən körüklənməsinə, qarşılıqlı ittihamlara və mübahisələrə səbəb olacaq. Buna görə də, inanmıram ki, Tofiq Yaqublu uğurlu bir işə nail olsun. Mən özüm də, belə bir cəhd etmək istəmirəm. Çünki bunun uğurlu olacağına inamım yoxdur.
- Həbsdən çıxdıqdan sonra ADR Hərəkatının üzvləri ilə görüşünüz olubmu?
- Şəxsi görüşümüz olmayıb. Çünki mən Bakıda qısa müddət oldum. Amma istər Qubad İbadoğlu, istər Əlövsət Talışxanlı, istərsə də digər şəxslər mənə zəng edərək təbriklərini çatdırıb. Bəziləri Feysbukda məni təbrik ediblər. Təəssüflər olsun ki, ancaq Vurğun Əyyub bir reaksiya verməyib.
- Bəlkə, Vurğun Əyyubla əvvəllər problemləriniz olub...
- Yox. Vurğun Əyyubla hər zaman mehriban əlaqələrimiz olub, bir-birimizi yaxın hesab etmişik. Ola bilsin ki, mənim Arif Hacılını dəstəkləməyim Vurğun Əyyubu narazı salıb. Mən inanmaq istərdim ki, Vurğun Əyyub qəbul edər ki, bu, mənim seçimim və mövqeyimdir.
- Ancaq iş ondadır ki, Müsavatda qalıb partiya rəhbərliyinə müxalifətdə duran gənclər qrupu da var. Sizin onlarla münasibətiniz necə olacaq?
- Yəqin, siz də görürsünüz ki, mənim bu prosesləri daha geniş müşahidə etmək imkanım olmayıb. Məhdud müşahidəmə əsasən deyə bilərəm ki, siz daha çox Müsavatda qalıb, amma partiya işində iştirak etməyənləri nəzərdə tutursunuz. Bu da, onların hüququdur. Əlbəttə, onlar partiya rəhbərliyinə müxalif fikirdə ola bilərlər. Müsavatda dəfələrlə belə fikir ayrılıqları yaranıb. Mən də bunu normal qarşılamışam. Lakin partiya əleyhinə təbliğat, rəhbərliyin aşağılanması və təhqir edilməsi halları baş verəndə, bu, qəbuledilməz olur. Belə şəxslər partiyadan xaric edilir. Lakin fərqli fikirləri olanlar partiyada qala, etik qaydalara riayət edilməsi ilə fəaliyyət göstərə, gələcəkdə toparlanıb yenidən öz namizədliyini vermək və rəhbərliyə gəlmək niyyətində ola bilərlər. Bu, onların hüququdur.
- Tural Abbaslı bəyan edib ki, may ayında “Ağ Blok”u partiyaya çevirib qurultay keçirəcəklər. Bu, o deməkdir ki, Müsavatın bir qrup gənci də Tural Abbaslı ilə gedəcək. Durumu necə qiymətləndirirsiniz?
- Onların hüququdur. Əgər partiya yaradacaqlarsa, Müsavatdan gedəcəklər. Çünki eyni anda iki partiyada təmsil olunmaq mümkün deyil. Və yaxud onların təşkilat şəklində qalıb fəaliyyətləri Müsavatın fəaliyyəti, taktika, strategiyası və apardığı siyasətlə üst-üstə düşməsə, yollarımız ayrılacaq. Əgər onlar partiya yaradarlarsa, Müsavatdan gedərlərsə, mən uğurlar arzulayaram.
- Müsavatdan ayrılan bir qrup artıq ADR Hərəkatını qurub, bir qrup isə yayda ayrılaraq Ağ Partiya qurmaq niyyətindədir. Bu təşkilatlar Müsavatdan güclü qüvvəyə çevrilə bilərmi?
- Mən buna inanmıram. Tural Abbaslının və digərlərinin Müsavatı keçərək uğur əldə etmələrinə inamım yoxdur. Bu, Tural Abbaslının və digərlərinin şəxsi keyfiyyəti ilə bağlı məsələ deyil. İndi siyasi fəaliyyət göstərmək, insanlar arasında təbliğat aparmaq imkanları da məhduddur. Yalnız internet var.
- Tofiq Yaqublu Müsavatla AXCP-ni barışdırmaq, münasibətləri düzəltmək və bir araya gətirmək məqsədilə təkliflər irəli sürüb. Siz bu təklifləri müdafiə edirsinizmi?
- Müsavat Milli Şuradan ayrılanda bəyan etdi ki, bu qurumla funksional əməkdaşlığa hazırdır. Yəni bizim Milli Şuradan çıxmağımız o mənanı vermir ki, tamamilə yolları və istiqamətimizi ayırdıq. Müsavatın bəyan etdiyi mövqe “ayrılsaq da, bərabərlik” mövqeyi idi. Təəssüflər olsun ki, AXCP və Milli Şura buna mənfi reaksiya verdi, bunu xəyanət kimi qiymətləndirdi. Müsavatla əməkdaşlıqdan imtina etdilər. Buna görə də, hazırda söhbət Müsavatın öz addımına yenidən diqqət etməsindən gedə bilməz. Milli Şura Müsavatla bağlı tutduğu mövqeyə yenidən baxması lazımdır. Müşahidələrimə görə, Tofiq Yaqublunun bu təşəbbüsünə Milli Şura və cəbhəçilər meylli görünmürlər. Odur ki, bu məsələdə nikbin deyiləm.
- REAL Hərəkatı Respublikaçı Alternativ Partiyası yaratmaq qərarını verib. Vaxtilə siz REAL-ın təmsilçiləri ilə day.az-ın forumunda birgə iştirak edirdiniz. Yəni bu şəxsləri tanıyırsınız. REAL həm də iddia edir ki, ənənəvi müxalifətin yürütdüyü siyasəti xalq dəstəkləmir. Necə düşünürsünüz, Respublikaçı Alternativ Partiyası ənənəvi müxalifəti əzərək əsas müxalifət partiyasına çevrilə bilərmi?
- Yeni siyasi təşkilatlar yarananda, adətən, müxalif partiyaları əzmək haqda düşünür. Buyurub fəaliyyətlərini göstərsinlər. Biz daha çox təşkilatların olmasını istəyirik. Mən bilirəm, İlqar Məmmədov və Natiq Cəfərli daima müxalifətin yürütdüyü taktikanı tənqid ediblər. Amma xeyli müddətdir ki, REAL Hərəkatı yaranıb, lakin mən onlardan bir fərqli şey görməmişəm. Bəlkə, partiya kimi formalaşandan sonra gördük.
Nemət