Türkiyənin İHLAS Xəbər Agentliyinin Rusiya təmsilçisi Fuad Abbasovun işdən azad edilməsi ciddi rezonansa səbəb olub.
Məlumat üçün bildirək ki, Fuad Abbasov neçə müddətdir ki, Rusiya kanallarına ekspert qismində qatılaraq Azərbaycan və Türkiyənin maraqlarını müdafiə edirdi.
Aprelin ilk 5 günlüyündə Azərbaycanla Ermənistan arasında baş verən qısa müddətli hərbi əməliyyatlar zamanı da Fuad Abbasov əksər televiziya kanallarında rusiyalı və ermənipərəst ekspertlərə Azərbaycanın haqlı olduğunu sübut etməyə çalışırdı.
Düzdür, həmin debatlarda bəzən jurnalist zəif bənd kimi də özünü büruzə verirdi. Lakin onun işdən azad edilməsi və Rusiyanı tərk etmək durumu ilə qarşılanması Azərbaycanda böyük təəssüf hissi ilə qarşılanıb.
Millət vəkili Qənirə Paşayeva başda olmaqla çoxlu sayda ziyalı və jurnalist Fuad Abbasovun müdafiəsinə qalxıb.
Lakin onun əleyhinə çıxanlar, bu şəxsin Rusiya kanallarında çıxış etməsinin ancaq düşmənin arqumentlərini gücləndirməsi barədə iddialar irəli sürənlər də var.
Terleqraf.com xəbər verir ki, Fuad Abbasovun Rusiyadakı fəaliyyətindən, xüsusilə debatlarda çıxışından narazı olanlardan biri də hüquqşünas Vaqif Hacıbəylidir.
V.Hacıbəyli bununla bağlı fikirlərini sosial şəbəkələrdə paylaşıb. Bəyan edib ki, Rusiya telekanallarında gedən diskussiyalara diqqəti artırmağı ilk təklif edən özü olub: “Lakin bu mövzunun gündəmi tam zəbt etməsi indi mənə də təəccüblü gəlir.
Fuad Abbasovdan qəhrəman obrazı düzəltmək lazımdımı? Nə baş verir? Bu nə hal-küydür? Fuad Abbasovun “vurulması” Rusiyanın nəyinə lazımdır? Onu efirə dəvət etməsələr, bu, kimisə narahat edəcəkdimi? Fuadın qeyri-sabit, ziddiyyətli, məntiqsiz açıqlamalarından bəzi hallarda Türkiyəyə qarşı apardıqları təbliğatda istifadə olunurdu.
Rusiya telekanallarında aparılan təbliğat budur ki, Qarabağda atəşkəsin pozulması Rusiyanın maraqlarına ziddir, ona görə sülhü bərpa edib. Halbuki, vəziyyət tam əksinədir.
Ermənistanın əli ilə regionda vəziyyəti gərginləşdirməyin, bununla bağlı erməniləri silahlandırmağın zəruri olduğu barədə tezislər Jirinovskidən tutmuş Baqdasorova qədər həmin verilişlərdə daim səslənib. Rusiya Azərbaycanın enerji layihələrində bizə rəqibdi və bunu gizlətmir. Türkiyə-Rusiya münasibətləri Rusiyanin təqsiri və özünün birtərəfli təşəbbüsü ilə tam şəkildə pozulandan sonra Azərbaycandan çəkilən və çəkilməkdə olan neft və qaz kəmərlərinin təhlükəsizliyi Türkiyə üçün çox ciddi önəm daşıyır və müharibənin başlayacağı təqdirdə bu kəmərlərin təhlükəsizliyi sual altına düşür.
Azərbaycanda da son günlər çoxlarının istinad etdiyi bəşəriyyət əleyhinə cinayətlərdə əli olan qatil erməni generalı Ter Tadevosyan açıq şəkildə bəyan edib ki, həmin kəmərlərin raketlərlə vurulub 30 faizinin sıradan çıxarılması ermənilərin əsas strateji hədəfi olmalıdır. Bu halda müharibə kimin marağındadır sualı ortaya çıxır. Fuad Abbasov isə bu həqiqətləri sakit şəkildə açıqlamaq əvəzinə kimlərinsə milli mənsubiyyətini qabardaraq özünü bazar adamı kimi aparır, şüvən salırdı.
Arada prezident Putini də tərifləyirdi. Putin bizim dostumuzdur, amma Rusiya ermənilərlə manipulyasiya edir deyirdi. Türkiyənin əvəzinə vurulan rus təyyarəsinə görə üzr də istəmişdi. İndi onun elliklə müdafiəsi, guya onun işindən alınmasının Rusiya və Türkiyə arasında olan gizli razılaşma kimi qələmə verilməsi də bazar söhbətləridir”.
Cavidan