Azərbaycan Xalq Cəbhəsi Partiyasının təklif etdiyi Vahid Qərar Şurasının ictimai müzakirəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə siyasi partiyaların təmsilçiləri, ictimai fəallar, müstəqil ekspertlər, ziyalılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan AXCP sədri Razi Nurullayev cəbhədə ağır döyüşlərin getdiyi bir vaxtda xalqın hakimiyyətə, eləcə də hakimiyyətin xalqa tam güvənməsinin, inanmasının vacibliyini bildirib.
Partiya sədri qeyd edib ki, hazırkı məqamda siyasi baxışından asılı olmayaraq bütün siyasi-ictimai təşkilatlar, partiyalar hakimiyyətə dəstək verməlidir. R.Nurullayev qeyd edib ki, məhz bu qarşılıqlı münasibətin, birliyin, inamın yaranması, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından “Vahid Qərar Şurası”nın yaradılması zərurətdir.
Digər çıxış edənlər də təklifi müsbət qarşıladıqlarını bildirib, eyni zamanda öz təkliflərini də irəli sürüblər.
Tədbirin sonunda ölkənin ərazi bütövlüyünün bərpası, Azərbaycan dövlətinin milli maraqlarının ifadəsi məqsədiylə hökumətə təqdim edilməsi nəzərdə tutulan “Vahid Qərar Şurası” təklifinin ölkədəki bütün ictimai-siyasi partiyalar, təşkilatlar, müstəqil ekspertlər, ziyalılar tərəfindən geniş müzakirə edilməsinə və birgə işçi qrupunun yaradılmasına qərar verilib. O da bildirilib ki, ölkə başçısının, hökumətin də bu şurada iştirakı zərurətdir və məhz buna görə də “Vahid Qərar Şurası” təklifinin yaradılacaq işçi qrupu tərəfindən prezidentə göndəriləcəyinə də qərar verilib.
Səxavət