Azad Demokratlar Partiyası (AzDP) dövlət qeydiyyatına alına bilmir.
Bunu partiyanın sədri Sülhəddin Əkbər Teleqraf.com-a açıqlaması zamanı deyib. Onun sözlərinə görə, partiya təsis qurultayını keçirdikdən sonra qeydiyyata alınmaq məqsədilə müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib: “Ancaq Ədliyyə Nazirliyi partiyanı qeydə almaqdan imtina etdi. Bundan sonra biz qeydə alınmaq üçün hüquqi müstəvidə mübarizəyə başladıq. Artıq hüquqi müstəvidə mübarizəmizi başa vurmuşuq. Ali Məhkəmədə iki proses oldu və bu ali məhkəmə instansiyası da Ədliyyə Nazirliyinin mövqeyini müdafiə etdi. Bununla da, Azərbaycanda hüquqi müstəvidə apardığımız mübarizə yekunlaşdı”.
Sülhəddin Əkbər daha sonra qeyd edib ki, məhkəmə instansiyalarını keçdikdən sonra iki aya yaxın müddət gözləyiblər: “Həm mənim, həm də partiyanın mövqeyi belə idi ki, Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək zorunda qalmayaq. Bu, bizim üçün mənəvi-psixoloji diskomfort yaradan məqamdır. Xüsusilə, mənim kimi istiqlalçı millət vəkili olan şəxs üçün. Bu mövqeyimi məhkəmə prosesi zamanı da qeyd etdim. Ancaq biz məcburuq ki, qeydə alınmaq üçün hüquqi müstəvidə işimizi davam etdirək və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edək”.
AzDP sədri daha sonra bildirib ki, rəhbərlik etdiyi partiya fəaliyyətini davam etdirir: “Partiya öz nizamnaməsinə uyğun olaraq normal fəaliyyətini davam etdirir. Xüsusilə, partiya rəhbərliyi daima toplaşır, müzakirələr aparır. Bəzi rayon təşkilatları passiv durumdadır. Ancaq bir çox rayon təşkilatlarımızın konfransları keçirildi, bu proses hazırda da davam edir. Partiya rəhbərliyi hər həftə toplanır, ölkədə gedən ictimai-siyasi proseslərdə iştirak edirik. Bir sözlə, mövcud vəziyyətə adekvat olaraq fəaliyyətimizi davam etdiririk”.
Nemət