Fransada futbol üzrə Avropa çempionatına (Avro-2016) start verilib.
Trend-in məlumatına görə, açılış matçında Fransa və Rumıniya komandaları qarşılaşıblar.
Oyunun ilk hissəsində qapılar toxunulmaz qalsa da, ikinci hissədə fransalı Olivye Jiru 58-ci dəqiqədə çempionatın ilk qolunu vurub. Lakin 65-ci dəqiqədə Stanku Fransanın qapısına təyin edilən turnirin ilk penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Bundan sonra fransızlar oyunda üstünlüyü tam ələ keçirsələr də, rumınların müdafiəsini yalnız 89-cu dəqiqədə yara biliblər - Dimitri Paye topu doqquzluğa göndərib. Beləliklə, Fransa ilk oyunda 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, çempionat iyunun 11-də Albaniya - İsveçrə, Uels - Slovakiya və İngiltərə - Rusiya oyunları ilə davam edəcək.