Bu gün Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess2017" superturnirinin açılış mərasimi keçirilib.
Report-un məlumatına görə, Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayonun İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb.
O, 4-cü ildir turnirin Şəmkirdə çox uğurla həyata keçirildiyini bildirib: "İldən-ilə turnirin reytinqi artır. Dünyanın ən ünlü qrossmeysterlərinin marağı xeyli artır. Bu dəfə IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə yarışın paytaxtdan 400 km aralıda keçirmək qabiliyyətinə malik olduğumuzu göstəririk".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarış iştirakçılarına uğurlar arzulayıb. O, xatirə turnirinin gələcəkdə də yüksək səviyyədə təşkil olunacağına inam ifadə edib. Nazir müavini ölkədə şahmatın kütləviliyindən danışaraq, orta məktəblərdə bu növ üzrə dərslərin keçirildiyini xatırladıb. İ.İsmayılov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinova da Azərbaycanda şahmatın inkişafına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ardıcıl 4-cü dəfə keçirilən "ShamkirChess" turnirinin ölkə hüdudlarını aşdığını vurğulayıb. O, dünyanın bir çox nüfuzlu şahmatçısının bu yarışda iştirakı özünə şərəf bildiklərini söyləyib: "Şübhəsiz ki, bu, Vüqar Həşimovun dünyada tanınmış şahmatçılar sırasında yer alması, fərdi və Azərbaycan yığmasının heyətində böyük uğurlar qazanması ilə əlaqədardır. Dünya şahmat ailəsi Azərbaycanı təkcə Harri Kasparovu deyil, Vüqar Həşimov kimi şahmatçını yetişdirən ölkə kimi tanıyır. Ötən il Şəhriyar Məmmədyarov gərgin mübarizədə "ShamkirChess"in qalibi oldu. Bu il də böyük rəqabətin olacağına inanıram".
2015-ci il Dünya Kuboku və 2016-cı il Ümumdünya Şahmat Olimpiadasına Bakının ev sahibliyi etdiyini deyən M.Məmmədov hər iki yarışın yüksək səviyyədə təşkil olunduğunu xatırladıb.
Sonra Olimpiadadan maraqlı kadrlar nümayiş etdirilib.
Superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilə yanaşı, Uesli So (ABŞ), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa), eləcə də Veselin Topalov (Bolqarıstan) iştirak edəcəklər.
Turnirin təntənəli açılış mərasimi aprelin 20-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Doqquz turdan ibarət yarışa aprelin 30-da yekun vurulacaq.
FİDE prezidenti Kirsan İlümjinov 3-cü dəfədir Şəmkirə gəldiyini bildirib: "Bağışlayın, hələ rus dilində danışacağam. Turnir 5-ci dəfə keçiriləndə söz verirəm ki, Azərbaycan diliondə danışacağam. Vüqar Həşimovun valideynlərinə minnətdaram ki, belə oğul böyüdüblər. Yadımdadır, 2004-cü ildə Vüqar Həşimov atası ilə Yunanıstanda mənə yaxınlaşdı və dedi ki, mən Heydər Əliyevin komandasındanam. Yəqin ki, Heydər Əliyevin, İlham Əliyevin dövlət səviyyəsində şahmata dəstəyi olmasaydı, bu cür yüksək nailiyyətlər göstərən şahmatçılar yetişməzdi".
K.İlümjinov bildirib ki, keçmiş dünya çempionu Vladimir Kramnikin bu yaxınlarda verdiyi müsahibədə Şəmkiri balaca şəhər adlandırıb. O, həmin müsahibəyə görə etiraz məktubları aldığını söyləyib: "Şəxsən Alimpaşa Məmmədov etiraz etdi ki, Şəmkir balaca yox, böyük şəhərdir. Həqiqətən də Şəmkir Azərbaycanın Linaresidir. Linares də məhz dünyanın tanınmış şahmatçılarının hər il oynadıqdan sonra dünyada məşhurlaşdı. Gələn il Şəmkiri Azərbaycanın Linaresi adlandıracağıq".
Mərhum qrossmeysterin atası Qasım Həşimov turnirin dünya səviyyəsində yer tutduğunu bildirib. O, artıq Şəmkirin Linares turnirini üstələməyə başladığını vurğulayıb. Q.Həşimov turnirdə K.İlümjinovun üçüncü dəfə iştirakını yüksək qiymətləndirib: "Elə bilirlər ki, mən burada doğulmuşam. Amma məndən soruşanda "Şəmkirlilər hamısı mənim qohumumdur" deyirəm. Xalqıma təşəkkür edirəm ki, belə oğulları var və olacaq. Hər il Veyk-an-Zeyedə keçirilən turnirdə Vüqar Həşimovun adına mükafat verilir. Mənim digər oğlum Sərxan Həşimov gedib mükafatı təqdim edir. Vüqar Həşimovun xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun adına Şahmat Akademiyası açılıb".
Qeyd edək ki, "ShamkirChess"də 2014 və 2015-ci illərdə qalib adını dünya çempionu Maqnus Karlsen (Norveç), ötənilki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov qazanıb.