Aərbaycanlı xanımların fitnesə marağının artdığını nəzərə alaraq, fitnes-treyner Səbinə Əliyeva ilə söhbətləşmək üçün yolandıq “Port Baku”ya.
Səbinə xanım fitnes məşqçisi kimi 3 ildir fəaliyyət göstərir: “Bundan əvvəl isə özüm fərdi məşğul olurdum. Sonradan treyner kimi fəaliyyətə başladım. İndiyə kimi fəaliyyətimi davam etdirirəm.
İlk başlayanda 20 yaşım vardı, indi 26 yaşındayam. Bu sahəyə məndə maraq birdən-birə oyandı. Əvvəllər arıqlamaq üçün gedirdim, sonra bu sahəyə həvəsim artdı. Təzə başlayanda deyə bilmərəm, çox kilolu idim... Məsələn, onda da 57 kiloqram idim, indi də eyni çəkidəyəm. Amma onda idmanla məşğul olmurdum deyə, bədənimdə piy qatı vardı. Fitneslə məşğul olandan sonra isə eyni çəkidə qalsam da, formam tamam fərqlidir. Yəni piy qatı əzələ kütləsi ilə əvəzlənib”.
Səbinə xanım bildirir ki, fitneslə məşğul olmaq, bədənini formada saxlamaq üçün daha çox orta yaş nümayəndələri müraciət edir: “Bu sahə ölkəmizdə təzəlikcə məhşurlaşmağa başlayır. Mənə ən çox xanımlar müraciət edir. Onların da yaşı 16-45 arasında dəyişir. Çoxu artıq çəkidən əziyyət çəkir. Bizim mətbəxin yeməkləri çox yağlıdır. Həm də ana, nənə bişiribsə, mütləq həmin yeməyi yeməliyik. Bu da sonda artıq çəkiyə gətirib çıxarır.
Amma müraciət edənlər arasında arıqlar da az deyil, onlar çəki almaq və formada qalmaq istəyirlər. Fitnes hərəkətləri prinsipcə hər ikisində eynidir. Yəni kökəlmək istəyənlə arıqlamaq istəyən eyni hərəkətləri edir. Sadəcə intervallarında və qidalarında fərq olur”.
Treyner deyir ki, arıq xanımların çəki yığa bilməməsinin səbəbi rejimsizlikdir: “Gün ərzində çox hərəkət edirlər. Yeməyi vaxtlı-vaxtında yemir, düzgün yatmırlar. Həm də metabolizm arıqlarda çox sürətli olur. Belə olanda bir kilo çəki almaq üçün çox səy göstərirlər. Amma yuxu, yemək qaydasında olsa, tezliklə nəticəsini görəcəklər.
Burda kalori almaq və yandırmaq məsələsi də var. Arıq insanlar gün ərzində 2 min kalori yandırırlarsa, ən az 2 min 200 kalori qəbul etməlidirlər ki, onun 200-ü də ehtiyatda qalsın və kültəyə çevrilsin. Köklərdə isə bu, əksinədir. Onlar az kalori qəbul etməli, çox yandırmalıdırlar. Arıqlayıb-kökəlmək üçün yaş, boy faktorları da önəmli rol oynayır. Təbii ki, 17 yaşlı insanın arıqlaması, ya kökəlməsi daha asan olacaq. Yaş artıqca metabolizmin sürəti yavaşıyır. Ona görə proses bir az ləng gedir”.
Xanımların arıqlamaq üçün diyeta saxlayıb, gün ərzində ümumiyyətlə yeməkdən imtina etməsinə münasibət bildirən Səbinə xanım bunu qətiyyən düzgün saymır: “Xanımlar ilk vaxtlarda bu üsulla çəkilərinin ciddi surətdə düşdüyünü görəcəklər. Bir az keçəndən sonra orqanizm şoka düşür ki, yemək yoxdur. Axı, bədəndə ehtiyat qalmalıdır. Loru dillə desək, yəni bir az çəki atandan sonra bədən qorxuya düşür və çəki buraxmır ki, daha yemək olmayacaq. Buna görə qidalanma düzgün olmalıdır.
Heç vaxt yeməksiz qalmaq olmaz. Bədən həmişə qidalanmalıdır. Çünki vaxtlı-vaxtında, düzgün qidalananda orqanizm əmin olur ki, həmişə yemək olacaq və o, rahatlıqla çəki atır. Çəki atmaq və çəki almaq idmanla, fitneslə birgə aparılanda daha effektiv olur. Bədən daha gümrah, formada qalır.
Artıq çəkidən əziyyət çəkənlər idmanla arıqlasalar, piy qatı hər yerdən eyni dərəcədə əriyəcək, kökəlmək istəyəndə eyni dərəcədə bütün bədənə əzələ toplanacaq. Qarına, ayaqlara çox piy yığımı baş verməyəcək. Bunun üçün vacib deyil xanımlar və ya bəylər treyner tutsun, zala getsin. Özləri ev şəraitində də bu hərəkətləri edə bilərlər. Amma diqqət etmək lazımdır ki, zamanla məqsədə doğru inkişaf olsun. Yəni ilk başlayanda öz bədən çəkisi ilə hərəkətləri edənlər bir az sonra artırsınlar. Qida da parelel şəkildə düzgün aparılmalıdır”.
Səbinə Əliyeva bildirir ki, insanlar bəzən düzgün qidalandıqlarını düşünürlər: “Sadəcə onlara elə gəlir ki, düzgün qidalanırlar... Ola bilməz ki, arıq xanımlar çox yesin, amma yenə çəki ala bilməsinlər. Ya həmin xanımlar hərəkəti çox edir, ya da düzgün qidalanmırlar. Yəni enerji sərfiyyatı daha çox olur.
Arıqlarda adi hərəkətlər köklərdən dəfələrlə çox kalori yandırır. Mütləq iki-üç saatdan bir qidalanmalı, əgər doymurlarsa, yenə yeməyin həcmini artırmalıdırlar. Arıq müştərim olub ki, onun çəkisini 47-dən 56-ya qaldırmaq üçün 1 il vaxt sərf olunub. Kökləri arıqlatmaq daha asandır, nəinki arığı kökəltmək. Çünki artıq çəkili xanım hansısa qidanı qəbul etmirsə, bu ona heç bir problem yaratmır. Arıqlarda əksinədir.
Bir qida nə qədər az işlənərsə, bir o qədər vitaminləri, zülalı tərkibində qalar. Yəni bir qidanı qızatmaq və ya restoranlarda başına min cür oyun açmaq, əlavə qatqılar vurmaq onun keyfiyyətinə mənfi təsir göstərir. Yemək nə qədər sadə bişsə, o qədər orqanizmə xeyirli olar. Arıqlayan və ya kökələn şəxs keyfiyyətli qidalarla qidalanmalıdır”.
Səbinə Əliyevanın sözlərinə görə, fəstfudla da arıqlamaq mümkündür: “Yetər ki, miqdarı az, kalorisi aşağı olsun. Mən müştərilərimə hər şeyi icazə verirəm. Yetər ki, qədərində yesinlər. Çünki hər qidada bir vitamin var. Fikirləşirlər ki, yağ, makaron, düyü yemək olmaz. Mən icazə verirəm. Olar, amma kalori həddini aşmamaqla. “Olmazlar” peşəkar idmançılara aiddir. Onlara müəyyən dövrdə çox şey icazə verilmir. Bəzən hətta meyvəyə belə icazə olmur. İnsan düzgün həyat tərzi sürəndən sonra heç bir qidanın artıq olmamaq şərti ilə ziyanı yoxdur”.
Müsahibim bədənin formada qalması üçün suyun çox vacib olduğunu vurğulayır: “Köklərə də, arıqlara da su olduqca vacibdir. 2-3 litr və ya bədən nə qədər tələb edirsə, su içilməlidir. Bədənin suya tələbatını öyrənmək və onun suya ehtiyacı varmı-yoxmu, yoxlamaq çox sadədir. Sidiyin rəngi tünddürsə, deməli, qəbul olunan su azdır. Rəng nə qədər açıq olsa, bu o deməkdir ki, bədənsə su balansı normadadır”.
Səbinə xanım deyir ki, daha çox xanımlarla məşğul olmasının səbəbi var: “Kişilərin orqanizmi fərqlidir. Mən onlara da müəyyən qədər kömək edə bilərəm. Amma bu, xanımlara etdiyim kömək qədər olmayacaq. Bəzən xanımlar da xətrimə dəyir... Gəlirlər ki, istəyirəm ayağımı formaya salım, amma sizin ayağınız kimi olmasın… Bu ifadə düzgün deyil axı. Onsuz da hər kəsin bədəni individualdır. Etdiyimiz eyni məşq hər kəsdə fərqli nəticələr göstərəcək. Çünki çəki, boy, əzələ kütləsi burda rol oynayır”.
Səbinə xanım xüsusi ilə qeyd edir ki, ev şəraitində fitneslə məşğul olan xanımlar diqqətli olmalıdırlar: “Xanımlar var ki, ağır çəki daşları ilə başlayırlar. İstənilən effekti almır, əksinə bədən forması korlanır. Sonra da deyirlər ki, fitnes mənə düşmədi. Yutubda bu gün bütün lazımi fitnes videoları var. Onlara baxsınlar, məşq etsinlər və formada qalsınlar”.