Qazaxıstana məğlubiyyət bizə dərs oldu. Həmin səhvləri etmədik. Meydanda canımızı qoyduq. Sona qədər vuruşduq və ən əsası, qolları vura bildik.
Bunu Latviya yığması üzərində 3:1 hesablı qələbə qazanılan oyunda Azərbaycan millisinin ilk qolunu vuran Maksim Medvedev affa.az-a açıqlamasında deyib.
3-cü qolun müəllifi Emin Mahmudov isə nəticəyə baxmayaraq, görüşün çətin alındığını bildirib: "Aqressiv oyun göstərə bildik. Məşqçinin istədiyi hücum futbolunu nümayiş etdirə bildik. Düzdür, topu arzulanan səviyyədə idarə edə bilmədik. Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter nümayiş etdirməyi bacardıq".
Müdafiəçi Ruslan Abışov Qazaxıstan yığmasına 0:3 hesablı məğlubiyyətin təsadüfi olduğunu bildirərək, "Bəzi amillər var idi, biz ona hazır deyildik" deyib. O, həmin məğlubiyyətdən sonra qələbə qazanmaq istəklərinə nail olduqlarını vurğulayıb. Abışov UEFA Millətlər Liqasınadək hazır olmalarını gərəkliyini də dilə gətirib: "Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.