"Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda "Zirə" ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib. "Report" xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb...
- Hər iki komanda üçün yaxşı oyun oldu. Futbolçularımızı təbrik edirəm. Hesabda 0:2 geri düşmələrinə baxmayaraq, çətinliklə də olsa, geridönüş edə bildirlər. Düşünürəm ki, erkən qol oyunun axarına müəyyən təsirini göstərdi. Bundan sonra artıq topa daha çox nəzarət etməyə çalışdıq. Ancaq yenə də səhvimizdən qol buraxdıq. Bu da bizə müəyyən çətinlik yaratdı. İkinci hissədə futbolçularımıza dedik ki, ilk 15 dəqiqəqə qol vursaq, xal qazana bilərik. Bunu reallaşdırandan sonra daha sürətli oynamağa, qol vəziyyətləri yaratmağa çalışdıq. Bu, futboldur, "Zirə" də yaxşı komandadır. Onlar da 3-cü qolu vura bilərdilər. Bunu etsəydilər, matçı xeyirlərinə dəyişəcəkdilər. İkinci hissədə 70 faiz oyuna nəzarət edə bildik. Fikrimcə, ilk matçla müqayisədə oyunumuz daha yaxşı alındı. İlk turdan sonra da futbolçulara demişdim ki, daha yaxşı oynayacağıq. Yeni futbolçularımız var. Samir Məsimovun yaxşı oyununu qeyd edərdim. Getdikcə daha yaxşı hazırlaşacaqlar. Bizim üçün 1 xal da vacib idi.
- İlk oyunla müqayisədə, start heyətində 5 dəyişiklik etmişdiniz. Həmin futbolçulardan 3-ü hazırlıqda iştirak etməmişdi. Bu, komanda üçün riskli deyildi?
- Əlbəttə, həyat onsuz da riskdən ibarətdir. Bəzi məcburi dəyişikliklər etməli oldum. Çünki "Zirə"nin sürətli əks-hücumları var. Rəqib bunun sayəsində bizi cəzalandıra bilərdi. Oyun sxemində tez-tez dəyişiklik etməyi xoşlamıram. Azərbaycanda olduğum 2-3 həftə ərzində futbolçularla daha yaxından tanış olmağa çalışıram. Həm də sürətli futbolçuları meydana buraxdım. İlk oyundan sonra çoxları deyirdi ki, niyə 5 müdafiəçidən 4 müdafiəçiyə keçdim. Bunun fərqi yoxdur, səhv olanda hər taktikada olur.
- Vaqif Cavadov vaxtilə Azərbaycan futbolunun ulduzu olub. Ancaq son vaxtlar həmin Vaqif deyil. Düşünmürsünüz ki, onu meydana buraxmağınız səhv idi?
- Cavadov yaxşı futbolçudur. Ancaq gözləntilərini görməyəndə, narazı qalırsan. Vaqifi ayırmaq istəməzdim. Bütün futbolçular vahid şəkildə olmalıdır. Deməzdim ki, komandada hansısa ulduz var. Sezar Meza Kolli vardı, o da gedib.
- Miloş Bosançiç niyə ehtiyada qaldı?
- Zədəsi olduğuna görə tam hazır deyildi.
- Bugünkü matçda ən yaxşılardan olan, qol vuran Pərdis Fərzad-Azadın "Keşlə"də rəhbərliyiniz altında olmasını istərdiniz?
- Heç nəyi dəyişə bilmərəm. Onun gedişi mənə qədər olmuşdu. Pərdisin "Keşlə"dəki oyununu görmüşdüm. Onun kimi futbolçunu sərəncamımda görmək istərdim. Pərdis daha güclü klublarda olmağa layiqdir.
- Transfer çalışmalarınız bitdi?
- Hələ "transfer pəncərəsi" açıqdır. Daha yaxşı futbolçu tapa bilsək, cəlb edə bilərik. Bizə hücuma oyunçu lazımdır.