"Minsk-2019" II Avropa Oyunları üçün bilet satışına start verilib.
Teleqraf.com Avropa Oyunların rəsmi saytına istinadən verdiyi məlumata görə, istənilən ölkənin vətəndaşları bu gündən www.minsk2019.ticketpro.by saytı vasitəsilə biletləri öz adlarına rəsmiləşdirə bilərlər. Bundan başqa, biletləri Belarusda rəsmi bilet operatoru "Tiketpro", Avropada rəsmi resellerlər vasitəsilə əldə etmək mümkündür. Rusiyada isə satış rəsmi bilet agenti ponominalu.ru saytında dekabrın 15-dən başlanacaq.
Qiymətlər 5 Belarus rublundan 50 belarus rublunadək (əcnəbi vətəndaşlar üçün 2 avrodan 20 avroyadək) qoyulub. Biletlər bir neçə kateqoriyada - "Standard", VIP, açılış və bağlanış mərasimləri üçün hazırlanıb. Açılışa 150 - 300 rubla, bağlanışa 70 - 150 rubla tamaşa etmək mümkündür.
II Avropa Oyunları oturacaq yerlərinin ümumi sayı 375 min olacaq. Lakin tələb və idman növünün populyarlığından asılı olaraq, sayı 535 minədək artırmaq mümkündür. Biletlərin satılacağı idman sessiyalarının ümumi sayı isə 111-dir.
Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyun 2019-cu ildə təşkil olunacaq. Belarusun paytaxtı Minskdə 50 ölkənin 4000-dən çox idmançısı 15 növ üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Badminton, boks, cüdo, kayak və kanoe qayıqlarında avarçəkmə yarışları Avropa çempionatı səviyyəsində keçiriləcək.