Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində argentinalı sabiq futbolçu, dünya şöhrətli hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Azərbaycana gəlib.
Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeydə E.Kresponun imza günü təşkil edilib.
Muzeyin ziyarətçiləri ondan imza alıb və foto çəkdiriblər.
Krespo daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Təzəlikcə Argentinanın “Banfild” klubuna baş məşqçi təyin olunduğunu bildirən E.Krespo deyib: “Çalışacağam ki, gələn il Bakıda təşkil olunacaq final oyununa gəlim. “Çelsi”, “İnter” və “Latsio” klublarından ikisini final qarşılaşmasında görmək istərdim. Bu komandaların heyətində çıxış etmişəm və onlara böyük hörmətim var. Cari mövsümdən Avropa Liqası çox güclü turnirə çevrilib. Avropa nəhəngləri bu turnirdə birincilik uğrunda mübarizə aparırlar”.
“Təşkilatçılıq yüksək səviyyədədir. İmza günündə mənimlə görüşmək üçün gələn hər kəsə öz təşəkkürümü bildirirəm. Bu tədbirdən çox böyük həzz aldım. Düşünmürdüm ki, Bakıda mənim bu qədər azarkeşim var”, - deyə əfsanəvi futbolçu əlavə edib.
Qeyd edək ki, “İnter” komandasının heyətində üç dəfə İtaliya çempionu olmuş E.Krespo “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.