2 İyun 2019 17:25
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının final oyununun təşkilatçılığı xeyli nöqsanlarla diqqət çəkib.

Teleqraf.com-un məlumatına görə, Avropanın ən inkişaf etmiş şəhərlərindən sayılan İspaniyanın paytaxtı Madriddə neqativ hallar hələ oyundan əvvəl müşahidə edilib.

Qarşılaşmaya iki gün qalmış "Liverpul"un avtobusu final oyununun keçirildiyi "Vanda Metropolitano" stadionunda tunelə ilişib. Nəticədə Mersisayd təmsilçisi yarım saat ərzində tuneldə qalıb.

CNN telekanalı matç günü Çempionlar Liqasının finalı ilə bağlı ciddi problemlər yaşandığı barədə məlumat vermişdi. Xüsusilə biletlərin bahalığı, ingilis azarkeşlərin Madridə getmək üçün ciddi problemlərlə üzləşməsi, otellərdə yaşanan çətinliklər sadalanırdı. Finalda oynayacaq komandaların – “Liverpul” və “Totenhem” – hər birinə 17 min bilet verildiyi, lakin biletlərin artıq qara bazara düşdüyü bildirilirdi. Qara bazarda bir biletin qiyməti 10 min dollardan 31 min dollara qədər artrılıb. Bununla yanaşı, azarkeşlərin Madridə səfəri 12 saata qədər çəkib və ən azı 9 min dollar xərc tələb edib. Azarkeşlərin baş verənlərdən ciddi şəkildə narazı olduğu qeyd edilirdi.

CNN-in başqa bir xəbərində isə qeyd edilib ki, ingilis azarkeşlər Madriddəki final qarşılaşması gecəsi otellərin və hostellərin qiymətlərinin son dərəcə baha olmasından gileylənib. Vəziyyət o həddə çatıb ki, turistlərin bəziləri Madridə yaxın yerlərə gedərək orada ev kirayələyib və final gecəsi stadiona yollanıblar.

Polisin yaydığı məlumatda bildirilirdi ki, Böyük Britaniyadan olan 4 azarkeş polisə qarşı aqressiv hərəkətlərinə, 1 qadın isə 2 saxta bileti 8400 avroya satmaq istədiyi üçün saxlanılıb.

Lakin İspaniya polisləri özlərini heç də qətiyyətli apara bilməyiblər. Belə ki, nüfuzlu "El Mundo" qəzeti yazır ki, qeyri-etik hərəkətlər edən və italiyalı turisti yaralayan ingiltərəli azarkeş saxlanılarkən, 3 polis əməkdaşına xəsarət yetirib. Məqalədə deyilir ki, polis hadisə yerinə mümkün iğtişaşların qarşısını almaq və saxta bilet satışına imkan verməmək üçün gətirilmişdi. Çünki Madridin küçələri oyuna gələn minlərlə biletsiz azarkeşlə doludur. Bir müddət əvvəl şəhərdə saxta bilet satmaq istəyən bir qrup italiyalı həbs olunub.

"İrişmirror" saytı isə yazır ki, iyunun 1-də Madriddə keçirilən Çempionlar Liqasının final matçını izləməyə gəlmiş ingilis fanat qeyri-etik hərəkətlər, italiyan turistə həqarət və polisə hücum ittihamı ilə həbs olunub. Bundan əlavə, daha 5 ingilis fanatı həbs edilib. “Tottenhem” klubunun azarkeşləri iddia edir ki, qarşıdurma ispan polisinin pabda 50-dək ingilis fanatına qarşı zorakılıq tətbiqinə cavab olaraq baş verib. Bildirilir ki, polis paba daxil olaraq “heç bir səbəb olmadan” ingilis azarkeşləri döyməyə başlayıb.

"Qırmızılar" bilet bölgüsündən də narazılıqlarını bildiriblər. Buna 64 min tamaşaçı tutumuna malik stadionda klubun fanatları üçün 16613 azarkeşin ayrılması səbəb olub. "Liverpul"un icraçı direktoru Piter Mur bununla bağlı UEFA prezidenti Alekander Çeferin qarşısında məsələ də qaldırıb.

"Tottenhem" azarkeşləri isə Londondan Madridə uçarkən insident yaşayıblar. Klubun 200-dək fanatının olduğu təyyarə quş zərbəsindən zədə aldığı üçün məcburi eniş edib. Nəticədə azarkeşlər oyuna yetişə bilməmə təhlükəsi ilə üzləşiblər.

Daha bir azarkeş oyun ərəfəsində onlarla insanın gözləri qarşısında ədəbsiz hərəkət edib. İtaliyalı qadın turist ona etirazını bildirdikdə, sifətindən zərbə alıb. Nəticədə xanım özündən gedib və gözlərini xəstəxanada açıb. Sərxoş fanat isə onu qandallamaq istəyən 3 polisi vurub.

Saxta bilet satanlar polis tərəfindən həbs edilir, çox sayda fanat, təyyarə bileti çox baha olduğu üçün qatarla gəlir, təyyarə reyslərinin sayı artsa da, çox sayda adam nəqliyyat çətinliyi ilə üzləşib.

Stadiona gedən yollarda isə təkcə tıxac yox, natəmizlik də hökm sürüb. Ayrı-ayrı yerlərdə plastik və dəmir qablar küçələrə atıldığı üçün zibilliklər "göz oxşayıb".

"SBNation Real Madrid" saytının baş redaktoru Lukas Navarrete: "Gördüyüm ən pis Çempionlar Liqası finalı" deyə yarışı xarakerizə edib.

Sadalanan faktlar onu göstərir ki, Bakıdakı Avropa Liqasının final oyununun təşkilatçılığı Madriddə keçirilmiş Çempionlar Liqasının həlledici qarşılaşması ilə müqayisədə daha yüksək səviyyədə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər