“Linfild”in kapitanı Ceymi Malqryu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi növbəti açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, “Qarabağ”ın Bakıda var qüvvə ilə irəli atılacağını deyib: “Onlar “Vindsor Park”da bütün silahlarını işə saldılar. Deyə bilərəm ki, doğma meydanda da rəqib üçün çətin olacaq. Biz Belfastda olduğu kimi Bakıda da sıx oyun nümayiş etdirəcəyik və əks-hücumlarda onları yaxalamağa çalışacağıq. Düşünürəm ki, bizim çıxışımız onları şoka saldı. Böyük ehtimalla "Qarabağ"ın hələ bir neçə sürətli oyunçusu var. Ancaq biz də mübarizə aparacaq və üstünlüyümüzü qoruyacağıq”.
C. Malqryu matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionundan danışıb: “Həqiqətən möhtəşəm stadiondur. Möhtəşəm ot örtüyü var. Hər kəsin oynamaq istədiyi stadiondur. Burada əsl mübarizə ilə üzləşəcəyimiz dəqiqdir”.
Komandanın hazırlıq səviyyəsi haqda da danışan 33 yaşlı yarımmüdafiəçi bunları söyləyib: “Hazırlığımız qaydasındadır. Oyunçular günü-gündən güclənirlər, geniş və keyfiyyətli heyətimiz var. Qarşıda bizi böyük pul mükafatı gözləyir. Şəxsən deyə bilərəm ki, hər mərhələni keçdikcə oyunçular qələbələrə daha çox ac olurlar. Biz 90 dəqiqəyə çox yaxınıq".
C.Malqryu bildirib ki, azarkeşlər Avropa macərasının dayanmasını istəmirlər: "Biz buraya çox insanın gözləmədiyi bir şeylə mübarizə aparmağa gəlmişik. Bizim üçün çətin olacaq. Bu, karyeramızdakı ən böyük matçdır. Bilmək olmur ki, bir də belə bir imkan nə vaxt ələ düşəcək. Komanda olaraq Avropa Liqasında irəliləmək istəyimizi gerçəkləşdirəcəyik".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” –“Linfild” görüşü saat 20:00-da başlayacaq.