Futbol üzrə Türkiyə çempionatının XII turu çərçivəsində keçirilən görüşdə "Fənərbağça" doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib.
Teleqraf.com xəbər verir ki, gərgin keçən görüşdə qonaqlar İstanbul təmsilçisinin qapısından üç cavabsız qol keçirib. Malatya klubunun qollarını Adəm Böyük (9), Umut Bulut (22) və Yousif Ndayişimiye (48) vurub.
Beləliklə, "Fənərbağça" doğma meydanda darmadağın olub.
Günün digər matçlarında "Hatayspor" öz meydanında "Fateh Karagömrük" komandasını 3:1 hesabı ilə məğlub edib. "Göztəpə" isə səfərdə "Rizəspor"a 3:2 hesabı ilə uduzub. Paytaxt təmsilçisi olan "Ankaragücü"də doğma divarlar arasında "Konyaspor"u 4:3 hesabı ilə üstələyib. "Kayserispor" - "Trabzonspor" görüşündə isə qapılara qol vurulmayıb - 0:0.
Turun digər oyunları dekabrın 13 və 14-də keçiriləcək.
Hazırda çempionatın turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" və "Fənərbağça" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XII turda "Qalatasaray" istirahət edib.