Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Teleqraf.com-un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma serbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Portuqaliyaya qarşı ilk tur matçı ilə müqayisədə De Byazi bu dəfə start heyətində iki dəyişiklik etmişdi. İtaliyalı mütəxəssis Vüqar Mustafayevin əvəzinə İsmayıl İbrahimliyə, Mahir Emrelinin yerinə isə Anatoli Nuriyevə ilk dəqiqələrdən şans vermişdi.
Matçda ilk təhlükəli epizodu qonaqlar yaratdılar. Künc nöqtəsindən ötürmə zamanı Aleksandar Mitroviçin baş zərbəsində dəqiqlik çatmadı. Ardınca Əli Qurbaninin başla vurduğu top qapının üstündən keçdi. 5 dəqiqə sonra isə serbiyalılar hesabı açdılar. Müdafiəçilərin ani diqqətsizliyindən istifadə edən Mitroviç yerlə uzaq küncü nişan alaraq, komandasını önə keçirdi. 31-ci dəqiqədə Qurbani 100 faizlik qol şansından yararlana bilmədi. Anatoli Nuriyevin ötürməsindən sonra Predraq Raykoviçlə təkbətək qalan forvardın zərbəsini qapıçı zərərsizləşdirdi. 37-ci dəqiqədə Mitroviç növbəti dəfə qola yaxın olsa da, zərbəsi qeyri-dəqiq alındı. İlk hissə Serbiya yığmasının minimal üstünlüyü ilə başa çatdı.
İkinci hissədə daha yaxşı başlayan Azərbaycan millisi hesabı bərabərləşdirmək üçün əla şans qazansa da, Nuriyevin qüvvətli zərbəsinin qarşısını qolkiper aldı. 53-cü dəqiqədə Duşan Tadiçin cərimə meydançasının kənarından vurduğu topu Şahruddin Məhəmmədəliyev çətinlik çəkmədən tutdu. 3 dəqiqə sonra isə Nuriyev növbəti dəfə diqqət mərkəzinə düşdü. Sağ cinahda bir müdəfiəçini keçən futbolçunun yerlə ötürməsinə Qurbani istədiyi kimi toxuna bilmədi. 59-cu dəqiqədə isə görüşdə ikinci qol vuruldu. Özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirdi. 68-ci dəqiqədə iki dəyişikliyə əl atan De Byazi Qurbanini Ramil Şeydayevlə, Nuriyevi isə Mahir Emreli ilə əvəzləyib. 74-cü dəqiqədə Məhəmmədəliyev üzbəüz epizodda Mitroviçin fərqlənməsinə imkan vermədi. Lakin qolkiper 81-ci dəqiqədə 27 yaşlı forvardın dubl etməsinə mane ola bilmədi.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran Serbiya yığması liderliyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında İtaliyada Portuqaliya seçməsinə 0:1 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq xarakteri daşıyan görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.
21:38
DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında 3-cü qol vurulub.
Teleqraf.com-un məlumatına görə, 81-ci dəqiqədə Aleksandar Mitorviç dubl edərək, komandasını yenidən hesabda önə keçirib.
DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında 2-ci qol vurulub.
Teleqraf.com-un məlumatına görə, 59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib - 1:1.
21:02
DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra Canni De Byazinin başçılıq etdiyi kollektiv 0:1 hesabı ilə uduzur.
DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında hesab açılıb.
Teleqraf.com-un məlumatına görə, 16-cı dəqiqədə qonaqların hücumçusu Aleksandar Mitroviç komandasını önə çıxarıb.
20:00
Azərbaycan və Serbiya milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun III tur matçı başlayıb.
Teleqraf.com-un məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.