Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çin turnesi çərçivəsində daha bir yarışda iştirak edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, təmsilçilərimiz bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Tour of Yancheng Costal Wetlands" yürüşündə mübarizə aparıblar.
Komanda üzvlərimiz içərisində ən yüksək nəticəyə Azərbaycanın U-23 yığmasının üzvü Samir Cəbrayılov imza atıb - o, 143.5 km-lik məsafəni yarış qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 113 velosipedçi arasında 5-ci yeri tutub. Bundan başqa, Aleksandr Surutkoviç və Elçin Əsədov da yarışı ilk pelotonda başa vurublar.
Birgünlük yarışın 23 yaşadək velosipedçiləri arasında isə S.Cəbrayılov 2-ci yeri tutub və xüsusi mükafata layiq görülüb.
Xatırladaq ki, gənc velosipedçimiz bazar günü Çində başa çatan 2.1 kateqoriyalı, 9 mərhələdən ibarət "Tour of Taihu Lake" yürüşündə U-23 yaş kateqoriyasında 3-cü olmuşdu.
Komanda hesabında "Synergy Baku" "Tour of Yancheng Costal Wetlands" yürüşündə 3-cü nəticə göstərib.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.