Futbol hər zaman digər idman növlərindən fərqlənib və buna maraq daha böyük olub. Mən özüm isə çox az cüdo, güləş və karate idman növləri ilə məşğul olmuşam.
Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idman ictimaiyyəti ilə görüşündə deyib.
Əməkdar məşqçi bildirib ki, futbola sevgisi və marağı sayəsində digər idman növlərinə çox vaxt ayırmayıb:
"Kəndlər arası çempionatlar keçirilirdi, aktiv iştirak edirdim. İlk məşqçim Şaban Şirdanov məni 7-ci sinifdə görəndə dedi ki, sən futbolçu olmalısan. Artıq 9-cu sinifdə oxuyanda komandanın əsas heyətində oynamağa başladım. Karyeram belə başladı və bu günədək futbolun içindəyəm. Hər bir peşəyə sahib olmaq üçün nə qədər bacarıq olsa da, daha çox istək, daha çox həvəs olmalıdır. Mən həyatda prinsipial insan olmuşam. Qarşıma qoyulan məqsədə çatmaq üçün çox çalışmışam.
Onun sözlərinə görə, futbola gəlişi ailəsi üçün gözlənilməz olub: "Ailəm istəyirdi ki, oxuyum, savadlı olum. 8-ci sinfə qədər əlaçı olmuşam. 9-10-cu sinfi yola vermək üçün, 8-ci sinifə qədər oxumaq bəs edirdi. O vaxtlar kənddə şəraitin necə zəif olduğunu çoxu bilir. Hədəfimə çatmaq üçün bir düşüncəm var idi: digərlərindən yaxşı olmaq üçün daha çox məşq etməliyəm.
Beləcə, futbol fəlsəfəsinə yaxınlaşmağa başladım. Mən Barcelonada olanda futbol fəlsəfəsi ilə çox maraqlandım. Oradan topladığım təcrübələri, müşahidələri də "Qarabağ"da tətbiq etməyə başladım".