11 Dekabr 2014 23:47
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilən görüşdən sonra oyunu dəyərləndirib.

Teleqraf.com-un məlumatına görə, baş məşqçi mətbuat konfransında komandanı dəstəklədiklərinə görə azarkeşlərə və jurnalistlərə təşəkkürünü bildirib.

O, çexiyalı hakim tərəfindən qeydə alınmayan qol barədə bunları deyib: “Epizoda iki rakursdan baxdıq. Təmiz qol vurulmuşdu. Heç ofsayddan söhbət getmir. Hakimin ofsayd qeydə alması böyük risk idi. Bizə başqa söz demək düşməz. Hətta “İnter”in futbolçusu oyundan sonra mənə dedi ki, top ona dəyib qapıya girib. Ancaq o, bunu mənə yox, hakimə desəydi, daha yaxşı olardı və bəlkə nə isə dəyişərdi. Vurulan qol qeydə alınmalı idi”.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” “İnter”lə qarşılaşıb. Oyun heç-heçə yekunlaşıb. Oyuna əlavə edilmiş 4-cü dəqiqədə Riçard Almeyda hesabı açsa da, çexiyalı hakim Mioslav Zelinka qolu qeydə almayıb. Beləliklə, “İnter”lə qolsuz bərabərə (0:0) qalan Ağdam klubu xalını 6-ya çıxararaq, qrupu 3-cü pillədə başa vurub. Ukraynada Fransa “Sent-Etyen”ini 1:0 hesabı ilə məğlub edən “Dnepr” isə qrup ikincisi kimi “İnter”lə birgə növbəti mərhələyə adlayıb.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər