25 Yanvar 2023 16:30
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim məqsədimiz futbolçuların oyununu yaxşılaşdırmaq və onlara güvənməkdir. Hər bir oyunçuma güvənirəm, o cümlədən, qapıçılarıma...Qarşıdakı günlərdə daha yaxşı olmağa çalışmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra keçirilən mətbuat konfransında sonuncu qarşılaşmada səhvə yol verən gürcüstanlı qolkiper Luka Quqeşaşvilini müdafiə edərkən deyib.

O bildirib ki, klubun qapıçı axtarışları davam edir:

“Qapı xətti ilə bağlı axtarışlarımız davam edir. Bir qapıçı gətirmək istərdim. Qarşıda bir neçə gün vaxtımız var”.

Qurbanov həmçinin klubun “Turan Tovuz”la oyunu barədə də danışıb. O, klubun qalibiyyəti ilə başa çatan oyunda çətinlik çəkdiklərini də etiraf edib: “İlk dəqiqələrdən gərgin oyun getdi. Möhkəm komandaya qarşı çıxış etdik. Qış fasiləsindən sonra daha yaxşı formalaşmış komanda ilə çıxış edirdik. “Turan Tovuz”un iki hücumçusu müdafiəçilərimizə çox çətinlik yaratdı. Bu da Ayxan Abbasovun oyun üslubunun bir hissəsidir. Buna baxmayaraq, qalib gələ bildik. Bu vacib qələbə idi”.


Müəllif: Teleqraf.com