Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda daha iki növdə qaliblər bəlli olub.
Teleqraf.com xəbər verir ki, turnirin son günü keçirilən yarışlarda ilk olaraq kişilərin dayaqlı tullanma və qadınların gimnastika tiri mübarizəsində medalçıların adlarına aydınlıq gəlib.
Kişilərin dayaqlı tullanma yarışının qalibi Flippin təmsilçisi Karlos Edriel Yulo olub. O, 14.933 xal toplayaraq qızıl medal qazanıb.
İkinci yeri Böyük Britaniya gimnastı Herri Hepvört tutub. Ona gümüş medal qazanmaq üçün 14.816 xal kifayət edib.
Bu növdə sonuncu medalçı isə Honqkonq idmançısı Vay Hun Şek olub. O, 14.716 xalla bürünc medalı qazanıb.
Qadınların gimnastika tiri mübarizəsi də gərgin və maraqlı keçib. İtaliya təmsilçisi Ciorcia Villanın 13.966 xalla qızıl medal əldə etdiyi yarışın ikincisi Marin Boyer olub. Fransalı gimnasta 13.866 xal gümüş medal üçün kifayət edib.
Ukraynalı Anna Laşçevska isə 13.433 xalla bürünc medalı boynundan asıb.
Dünən keçirilən ilk final günündə 5 növdə qalib və medalçılar müəyyənləşib.
Qeyd edək ki, martın 9-da start götürmüş Dünya Kubokunda mübarizəyə bu gün yekun vurulacaq.