Qadın gimnastımız Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında iki finala yüksəlib.
Teleqraf.com verir ki, topla hərəkətlər üzrə təsnifat yarışlarında Zöhrə Ağamirova hakimlərdən 32.550 xal alaraq 5-ci yeri tutub və finala vəsiqə qazanıb.
Halqa ilə hərəkətlər üzrə təsnifat proqramında Zöhrə Ağamirova 32.150 xalla altıncı yeri tutub, bu da ona bu növdə də finalçılardan biri olmağa imkan verib.
Digər gimnastımız İlona Zeynalova finala vəsiqə qazana bilməyib. Topla hərəkətlər üzrə təsnifat mərhələsində o, 35-ci (27.300 xal) yer tutub, halqa ilə hərəkətlərdə isə 59-cu (23.900 xal) olub.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edirlər.
Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.
Yarışa mayın 21-də yekun vurulacaq.