Tbilisidə karatenin şotakan növü üzrə keçirilən VI dünya çempionatı başa çatıb.
Azərbaycanın 6 yaşdan 14 yaşadək olan oğlan və qız karateçilərindən sonra tatami üzərinə 15-16 və 17 yaşadək idmançıları çıxıb. Yeniyetmələrimiz mübarizədən 4 qızıl, 3 gümüş və 6 bürünc medalla ayrılıblar.
Sonra tatamiyə 18 yaşdan yuxarı və veteran karateçilər təşrif buyurublar. Azərbaycan karateçiləri bu dəfə 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.
Azərbaycan idmançıları karatenin kumite növü üzrə yarışlarda da uğurlu çıxış ediblər. Kumite yarışlarını idmançılarımız üçüncü yerdə başa vurublar.
Beləliklə də Azərbaycan karateçiləri bu dünya çempionatında 17-si qızıl olmaqla, 40 medal qazanıblar.
Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli yığma komandasının məşqçisi, Əməkdar Məşqçi Anar Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib ki, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ərəfəsində karateçilərimizin bu qədər medal qazanmaları qürurvericidir. İnanırıq ki, Avropa Oyunlarında da karateçilərimiz çoxlu qızıl medal əldə edəcəklər.
Dünya çempionatının bürünc medalçısı Ülviyyə Məmmədova qazandığı uğura görə məşqçilərinə təşəkkürünü bildirib. O deyib: “Yeniyetmə və gənclərimiz bu çempionatda əsl fədakarlıq göstərdilər. Azərbaycanın qadın karateçiləri də gümüş və bürünc medallar qazanmaqla, nəyə qadir olduğumuzu dünyaya nümayiş etdirdilər”.