Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmana məsləhətçi təyin edilməsi haqda fikirlərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, alman mütəxəssis bu təyinatın arxasında hər hansı bir sirrin oladığını bildirib:
“Bu təyinatın arxasında çoxlarının düşündüyü kimi, elə də çox şey dayanmır. Birincisi, Almaniya yığmasını yaxşıca öyrənmək üçün, Klinsmana mən lazım deyiləm. O, onsuz da, almanlar haqda hər şeyi özü bilir. Ümid edirəm ki, Almaniya yığması dünya çempionu olacaq. Futbolçuların indiki nəsli bu qələbəyə layiqdi. Klinsmanla uzun illərdi ki, münasibətimiz var. Nə vaxtsa mən onu Almaniya Futbol İttifaqına baş məşqçi qismində məsləhət görmüşəm. Onun başladığı işi, Löv və Birhoff davam etdirdi və indi Almaniya futboluna tam fərqli bir baxış var”.
Təcrübəli məşqçi həmçinin, özünün ABŞ yığmasında birbaşa öhdəliklərinə də toxunub və bu sazişin Azərbaycan futbolu üçün əhəmiyyətini qeyd edib: “DÇ-də ABŞ yığmasının Almaniya yığması ilə oyunu dostların əhatəsində bir oyun olacaq. Ancaq ABŞ qələbə istəyindədi. Portuqaliya və Qana yığmalarının oyunlarını izləyəcəyik. Bundan başqa, təyinatım, həmçinin, Azərbaycan və ABŞ futbol qurumları arasında əməkdaşlığa bir körpüdü. Biz yoldaşlıq oyunu keçirəcəyik və bunun Azərbaycan futbolu üçün müsbət əhəmiyyəti olacaq. Sonralar gənclər və qadınlardan ibarət komandalar bu ənənəni davam etdirəcəklər".