FİFA prezidenti Yozef Blatter BBC telekanalına önəmli açıqlama verib.
Qol.Az-ın məlumatına görə, adı rüşvət qalmaqalında hallanan 75 yaşlı Blatter günahsız olduğunu deyib: "Mən nələr etdiyimi yaxşı bilirəm. Vicdanlı və dürüst insan olduğumu düşünürəm. Bu məsələlərdə günahım yoxdur. Buna görə də narahat deyiləm".
Y.Blatter 2018-ci və 2022-ci illərdə Rusiya və Qətərin futbol üzrə dünya çempionatını keçirmək hüququnu nə dərəcədə düzgün əldə etdiklərinə şübhə ilə yanaşılmasına da münasibət bildirib:
"FİFA-da problem yoxdur. Futbolda saxtakarlıq yoxdur. Saxtakarlıqları insanlar edir".
Y.Blatter 2010-ci ildə keçirilən dünya çempionatına ev sahibliyi hüququnun CAR-a verilməsi üçün rüşvət aldığını etiraf edən sabiq FİFA nümayəndəsi Chuzk Blazerlə bağlı bunları deyib:
"Buna özü məsuliyyət daşıyır. Onu deyə bilərəm ki, 2010-ci ildə keçirilən dünya çempionatında heç bir saxtakarlıq edilməyib".
Y.Blatter FİFA prezidentliyinə namizəd olacağı gözlənilən UEFA prezidenti Mişel Platini haqda da danışıb:
"Platini məni əvəzləyə bilər. Ancaq kimin prezident seçiləcəyini bilmirəm. Bu, məni maraqlandırmır".
Qeyd edək ki, Blatter mayın 29-da keçirikən seçkilərdə FİFA prezidenti seçilsə də, 4 gün sonra hər kəs tərəfindən dəstəklənməməsini əsas gətirərək istefa verib.