"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Ginnesin Rekordlar kitabına düşüb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis 5 fərqli kateqoriya üzrə qazandığı kuboklarla adını Ginnesin Rekordlar kitabına yazdırıb.
Bununla bağlı danışan Mourinyo deyib: "Qazandığım mükafatları ofisimə qoyacam. Uşaq olarkən bir gün Ginnesin Rekordlar kitabına düşəcəyimi xəyal belə edə bilməzdim. Bunu bacarmaq gözəl hisdir. Lakin məni tanıyırsınız. Bu uğur mənim keçmişdə qazandığım nailiyyətlərlə bağlıdır. Mənim üçün önəmli olan gələcəkdə nələr edə biləcəyimdir".
Qeyd edək ki, 49 yaşlı mütəxəssis 15 illik məşqçilik karyerasında ümumilikdə 22 kubok qazanıb.
Mourinyonun Ginnesin Rekordlar kitabına düşməsinə səbəb olan 5 kateqoriyadakı uğurları bunlardır:
1. Çempionlar Liqasını iki fərqli klubla ("Portu" və "İnter", İtaliya) qazanan 5 məşqçidən biri olması.
2. 49 yaş 12 günlüyündə Çempionlar Liqasında 100 matç keçirən ən gənc məşqçi olması.
3. 2004/2005 mövsümündə "Çelsi"ni 95 xalla İngiltərə çempionu edərək Premyer Liqa tarixində bir mövsümdə ən çox xal qazanan məşqçi olması.
4. İngiltərə Premyer Liqa tarixində 77 oyunla öz meydanında ən uzun müddətli məğlubiyyətsizlik seriyasına imza atması.
5. Dörd klubda çalışdığı dönəmdə ümumilikdə öz meydanında 151 oyunda uduzmamaqla ən uzun müddətli məğlubiyyətsizlik seriyasına sahib olması.
Xatırladaq ki, İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Frenk Lempard da Premyer Liqa tarixində 39 kluba qol vuran ilk futbolçu kimi Ginnesin Rekordlar kitabına düşüb.