Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.
Sərbəst güləş
58 kq
Güləşçimiz Natalya Sinişin mübarizəyə 1/8 finalda Veronika İvanova (Belarus) ilə üz-üzə gəlib və 4:2 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Ukrayna idmançısı Qanna Vasilenko ilə qarşılaşıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən Sinişin yarımfinalda isveçli Elin Yohanna Nilssondan güclü olub - 12:0. Bu qələbə sayəsində finala adlayan təmsilçimiz həlledici görüşdə həlledici görüşdə Qrays Yakob Bullenlə (Norveç) güləşib. N.Sinişin bu görüşdə 3:1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
69 kq
Gözəl Zutova mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Təmsilçimizin rəqibi Dalma Caneva (İtaliya) olub. Bu görüşdə G.Zutova 3:5 hesabı ilə uduzub.
70 kq
Bu çəkidə ölkəmizi təmsil edən Gitinomaqomed Hacıyev 1/8 finalda Azamat Nurikovla (Belarus) qarşılaşıb və uduzub - 5:7.
125 kq
Komandamızın ən ağır çəkili güləşçisi Cəmaləddin Məhəmmədov 1/8 finalda Vladislav Baytçayevlə (Rusiya) qarşılaşıb və 6:3 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Ukrayna güləşçisi Alan Zaseyevlə güləşib. Lakin Məhəmmədov bu görüşdən məğlub ayrılıb - 2:6.
Qeyd edək ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıblar.