Ötən gün Böyük Britaniyada keçirilən referendumda Avropa Birliyindən çıxmaq tərəfdarları qalib gəlib. Ümumxalq səsverməsinin ilkin nəticələri təkcə siyasi baxımdan şok effekti yaratmaqla ötüşmədi, dünyanın iqtisadi həyatı da silkələndi. Neftin qiymətində düşmə qeydə alındı, avronun məzənnəsi zəiflədi, ingilis funt sterlinqi 1985-ci il səviyyəsinə endi.
Gözlənilən vəziyyəti Teleqraf.com-a iqtisadçı Natiq Cəfərli şərh edib.
Natiq Cəfərli hesab edir ki, Britaniya referendumunun nəticələri nəinki Avropanın, hətta dünyanın siyasi, iqtisadi, ictimai xəritəsini dəyişdirəcək, hətta “domino” effekti də doğura bilər: “Avropa Birliyi “kömür və metal” birliyi kimi yarandı, Almaniya və Fransanın bir daha müharibə etməyəcəkləri öhdəliyi üzərində inşa olundu. İlk yarananda Avropa dəyərləri önə çıxarıldı, sonra isə Birliyə üzv olan hər dövlətin öz maraqları qabarmağa başladı.
Daha bir səhv addım onda oldu ki, Şimali Avropa dövlətlərinin inkişaf tempinə və dəyərlər sisteminə uyğun olmayan Cənubi Avropa ölkələrini də tez-tələsik bu birliyə qoşdular, bu addımın iqtisadi nəticələrini doğru-dürüst hesablaya bilmədilər”
İqtisadçı deyir ki, Yunanıstan, Kipr, İtaliya, İspaniya kimi ölkələrdə bu gün müşahidə olunan iqtisadi problemlər həmin səhv hesablamaların nəticəsidir: “Avrozonaya daxil olan Cənubi Avropa ölkələri iqtisadi çətinlik zamanı effektiv üsul sayılan milli valyutanın devalvasiyası rıçaqından məhrum oldu. Bu gün Yunanıstan Avrozonada olmasaydı, özünün keçmiş milli valyutasını dəyərdən salmaq yolu ilə bir çox problemlərini həll edə bilərdi.
Təbii, Avropa Birliyi Yunanıstana böyük dəstək verdi, dəstək bu gün də davam etdirilir, amma həmin kreditlərin geri dönüşü gerçək görünmür. Bu gün Yunanıstanın xarici və daxili borcu ÜDM-nin ikiqat səviyyəsindədir, innən belə 100 il keçsə də, yunanlar bu borcu qaytara bilməyəcəklər.
Avropa Birliyi borc verməklə həm də öz istehsalçılarına dəstəkçi olurdular ki, yunanlar həmin kreditə, məsələn, Almaniya istehsallı avtomobil alır, dolayısı ilə həmin vəsait elə Almaniyaya qayıdırdı. Son illər yaranan immiqrant problemi, anti-müsəlman ritorika Avropa Birliyi ölkələrində yenidən millətçiliyi gücləndirdi. Referendumda Avropa Birliyinə “yox” deyənlərin böyük əksəriyyəti Birliyin immiqrantlarla bağlı siyasətinə etiraz edən əhali kəsimidir”.
Brexitdən sonra 10-15 gün dünya iqtisadiyyatının yeni duruma uyğunlaşmağa çalışacağını deyən Natiq Cəfərlinin sözlərinə görə, nə baş verdiyini tam anlayana qədər dünya birjalarında böyük dalğalanmalar olacaq: “ İyulun əvvəlində bu təşviş səngiyəcək, vəziyyət daha soyuq başla dəyərləndiriləcək. Fikrimcə, ilk ən böyük zərbə elə Britaniyaya dəyəcək, funt dəyərdən düşəcək. Bu, orta və uzun vədədə Britaniya üçün heç də pis deyil.
Londondan böyük şirkət və bankların nümayəndəlikləri kontinental Avropaya köçəcək, Londonun dünya maliyyə mərkəzi statusuna ciddi zərbə dəyəcək. Amma Britaniya ilə Avropa Birliyinin “boşanma” sürəci 5-8 il çəkəcək, yəni iqtisadi əlaqələr sürətli ziyan görməyəcək, çünki proses tədricən baş verəcək. Dünyanın valyuta ulduzu yenidən dollar olacaq, bu da əmtəələrin (neft, əlvan və qara metallar, bir tək qızıldan başqa, qızıl “güvənli liman” rolu oynayacaq) qiymətinin enməsinə ciddi təsir göstərəcək”.
Siyasi-ictimai nəticələrə gəlincə, iqtisadçı qeyd edir ki, Avropa Birliyi ölkələrində “mərkəzdənqaçma” prosesləri sürətlənəcək: “Avropa öz dəyərlərini unudub millətçi və radikal siyasi qrupların təsiri altına düşəcək. Bu, daha böyük təhlükədir, Avropa Birliyi ölkələri bunun qarşısına keçə bilməsələr, ciddi paradiqma dəyişikliyi baş verəcək”.
Natiq Cəfərlinin sözlərinə görə, Avropa Birliyi amorf bir qurumdur: “Birlik yarananda dünyanın ən ağıllı adamlarından olan Henri Kissincerdən rəy soruşurlar. O da cavab verir ki, Avropa Birliyinin telefon nömrəsini verin, onları təbrik edim. Yəni Avropa Birliyi amorf qurumdur, bürokratik aparat tərəfindən qeyri-effektiv idarə olunur. Avropa dəyərlərinə geri dönüş olmasa, daha sıx birlik modeli qurulmasa, Avropa Birliyi ideyasının özü tənəzzülə uğrayacaq.
Mən iki yol görürəm. Birinci, Avropa Birliyi “yüksək” və “birinci” liqaya bölünməli, Şimali Avropa dövlətləri ayrıca bir birlik yaratmalı, Cənubi Avropa və keçmiş post-sovet dövlətlərinin ayrıca birliyi olmalı, hər iki birlik arasında ciddi koordinasiya qurulmalıdır.
İkincisi, daha bir məntiqli, ağıllı yol yeni bir super dövlətin – Avropa Birləşmiş Dövlətlərinin (ABD) yaranmasıdır. Bu dövlətin ümumi parlamenti, ümumi hökuməti, ümumi bank-maliyyə siyasəti, ümumi ordusu və təhlükəsizlik xidmətləri ola bilər. Parlament və hökumət birbaşa seçkilərlə formalaşdırılmalı, ümumavropa partiyaları yaranmalıdır. Bu partiyalar da məhz dəyərlərinə görə seçilməli, dəyərlər üzərindən səs qazanmalıdır. Belə sıx birlik olmasa, ikinci böyük supergüc – ABD yaranmasa, Avropaya da, əsrlərlə yaratdığı dəyərlərə də bir quş qoymaq lazım gələcək...”
İlhamə ƏBÜLFƏT