14 Noyabr 2016 13:56
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçala Xıllı Nərə Balıqartırma Zavodunda (NXBZ) müxtəlif növ və yaş qrupuna aid 4250 ədəd nərə cinsli balıq saxlanılır”.

Bunu Teleqraf.com-a açıqlamasında Xıllı Nərə Balıqartırma Zavodunun direktoru Zaur Salmanov deyib.

Onun sözlərinə görə, saxlanılan balıqların ən böyük yaş qrupunu 2004-cü ilin istehsalı olan Kür nərəsi, ən kiçik yaş qrupunu isə 2015-ci il istehsalı olan Kür nərəsi və uzunburun növə aid balıqlar təşkil edir:

“Uzunburun növə aid ən böyük yaş qrupunu 2008-cü ilin balıqları təşkil edir. Elmi ədəbiyyata əsasən, bölgə balığının cinsi yetişkənlik yaşı dişi fərdlər üçün 16 il, kələmo növü üçün 14-15 ildir. Kür nərəsi üçün 13, uzunburun üçün isə 10 ildən başlayır.

Eyni ilin məhsulu arasında cinsi yetişkənliyə ilk olaraq balıqların 10 faizi, növbəti illər üçün isə müvafiq olaraq 30, 50 və 10 faizi çatır. Son iki ildə zavodun mütəxəssisləri tərəfindən əldə edilmiş nəticələr, yəni bir qrup dişi fərdin vəhşi təbiətdəki cinsi yetişkənlik yaşından öncə törədici kimi istifadə olunması saxlanılan balıqların yüksək keyfiyyətli qarışıq yemlə yemlənməsi və müvafiq qulluğun nəticəsidir”.

Qeyd edək ki, Xıllı Nərə Balıqartırma Zavodu 2004-cü ildən fəaliyyət göstərir. Dünya Bankının krediti əsasında inşa olunan zavodda Azərbaycanda ilk dəfə nərəkimilərin süni artırılması işində hovuz üsulundan istifadə olunur. Bu üsulun mahiyyəti yetişdirilən nərə cinsli körpə balıqların əvvəllər olduğu kimi torpaq nohurlarda deyil, plastik və ya dəmir beton hovuzlarda böyüdülməsidir.

Zavod direktor qeyd edib ki, müəssisənin fəaliyyətinin ilk illərində Xəzər dənizində nərə cinsli balıqların qıtlığını görərək, 2004-cü ildə XNBZ-un bazasında nərə cinsli balıqların təmir-törədici fondunun yaradılmasına qərar verilib: “Təmir-törədici fondunda saxlanılan balıqların layihə üzrə uzun müddətli yemlənərək saxlanması nəzərdə tutulmadığından avadanlıq təyinatı üzrə istifadə olunmayıb. Nəticədə balıq növlərinin istehsal prosesini növbəli mərhələdə təşkil eləmək mümkünsüz olub. Bu səbəbdən zavodun təmir-törədici fondundan digər nərə balıqartırma zavodlarına kiçik yaş qruplarına aid balıqlar təhvil verilib.

Balıqların digər balıqartırma zavodlarına verilməsinin əsas səbəbi həmin zavodlarda müstəqil təmir-törədici fondun yaradılmasıdır. Bununla belə, XNBZ-un infrastrukturunun bu sayda balıq saxlamağa kifayət etmədiyi də qeyd olunmalıdır”.

Zaur Salmanov deyir ki, yaxın illərdə bu zavodların mayalanmış kürü ilə təminatı daha geniş təşkil olunacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər