26 Aprel 2017 14:18
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

DGK-dan bildirilib ki, belələri qanunvericiliyin tələblərinə məhəl qoymayaraq idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışırlar. Bu cür faktların araşdırılması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib.

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində bu ilin aprel ayının ilk 10 günü ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1438404 ABŞ dolları (2488440 AZN) təşkil edib və aparılan hesablamalarla dövlət büdcəsinə əlavə olaraq 895000 manatdan artıq gömrük vergi və rüsumlarının köçürülməsi təmin edilib.

Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bir daha bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər