Bakı Biznes Mərkəzində aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib.
İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb. Azərbaycanın nəqliyyat, tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib, iri infrastruktur layihələri icra edilib və hazırda yeni layihələr həyata keçirilir. Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanı Kompleksinin tikintisi, Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri buna əyani misallardır. Ölkəmizinn ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, bu dəhlizlərə əlavə yüklərin cəlb edilməsi məqsədilə keçən ilin aprel və sentyabr aylarında Vaşinqtonda və Vyanada, bu ilin fevralın 28-də isə Pekində “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı forumlar təşkil olunub, Azərbaycanın nəqliyyat imkanlarının təşviqi istiqamətində təqdimatlar keçirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Nazir qeyd edib ki, ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ilə yanaşı, Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb edilməsi istiqamətində mühüm tədbirlər görülür. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər sayəsində yükdaşıyıcıları üçün keçid prosedurları sadələşdirilib, gediş-gəliş xərcləri təqribən 40 faizədək aşağı salınıb ki, bunun nəticəsi olaraq 2017-cı ilin 1-ci rübündə ölkəmizin ərazisindən 7500 TIR keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 50 faiz çoxdur. 2016-cı ilin 1-ci rübü ilə müqayisədə bu ilin 1-ci rübündə yükdaşımalar ümumilikdə 26 faiz artıb, qeyri-neft məhsullarında isə 50 faiz artım müşahidə olunub. Bu ilin 1-ci rübündə ölkə ərazisindən 3 milyon ton yük daşınıb. Limanın birinci fazası üzrə işlər tamamlandıqdan sonra yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaq.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov limanın ölkə iqtisadiyyatında əhəmiyyəti, tranzit potensialının artırılması imkanları barədə məlumat verib.
Sonra “Economic Zones World FZE” şirkəti tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. Tədbirdə “Azad zonalar haqqında” qanun layihəsi, beynəlxalq təcrübə üzrə müqayisəli təhlil, tənzimləmə və əməliyyat modeli, baş planının təsviri konsepsiyası və s. barədə hesabat təqdim edilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Qeyd edək ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zona yaradılır. Bu işlər Azərbaycan Prezidentinin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 17 mart tarixli sərəncamı əsasında görülür. Dövlət başçısının sərəncamına uyğun olaraq, ötən il İqtisadiyyat Nazirliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin “DP World Group”un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən “Economic Zones World FZE” şirkəti arasında konsaltinq müqaviləsi imzalanıb. “Economic Zones World FZE” şirkəti yüksək peşəkarlıq səviyyəsinə və azad zonalarının yaradılması sahəsində böyük təcrübəyə malik olan tanınmış şirkətdir. Həmçinin layihənin icrası üzrə işlərin əlaqələndirilməsi üçün işçi qrup yaradılıb.
Səxavət