Belçikada səfərdə olan Azərbaycan energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.
Nazirlikdən Teleraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Pərviz Şahbazov Avropa İttifaqının strukturları ilə enerji sahəsində uzunmüddətli əməkdaşlığın Azərbaycanın enerji infrastrukturunun modernləşməsi prosesinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə verdiyi töhfələrdən danışıb. Nazir “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərin gedişatı barədə məlumat verərək, Trans-Adriatik (TAP) qaz boru kəmərinin də vaxtında başa çatdırılacağına ümid etdiyini deyib.
Maroş Şevçoviç isə Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yüksək rola malik olduğunu qeyd edərək bildirib ki, Avropa Komissiyası bu layihəyə dəstəyini bundan sonra da davam etdirəcək.
Görüşdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Maroş Şevçoviçin dəstəyi ilə yaradılmış “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasının indiyə kimi keçirilmiş iclaslarının layihənin icrası prosesinə müsbət təsirləri barədə söhbət açılıb. Avropa Komissiyasının vitse-prezidentinin iştirakı ilə keçirilməsi planlaşdırılan “Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclası”na hazırlıq məsələləri müzakirə edilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni Saziş layihəsinin enerji əməkdaşlığına aid hissəsi üzrə də müzakirələr aparılıb. Azərbaycanla Avropa Komissiyası, Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində əməkdaşlıq məsələləri,eləcə də qlobal enerji bazarında müşahidə edilən yeni trendlər ətrafında da geniş fikir mübadiləsi edilib.